9 Dekabr 2019 16:40
283

“Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi yox, uçqun hadisəsi baş verib”.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat xidmətindən məlumat verilib.

Məlumata görə, aparılan araşdırmalar əsasında ərazidə eroziya və aşınma prosesinə rast gəlinib, bunun sürüşmə əlaqəsi yoxdur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, ərazidə təmizlik işləri aparılır, layihə hazırlanır: “Layihə təsdiqləndikdən sonra yenidənqurma işlərinə start veriləcək. Əraziyə xarici mütəxəssislər cəlb olunub”.

Anar Nəcəfli qeyd edib ki, növbəti mərhələtə mühəndis kəşfiyyat işlərinin aparılması üçün sınaq quyuları qazılacaq: “Hazırda xarici mühəndislərin iştiraki ilə məsləhətləşmələr aparılır. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, noyabrın 24-dən 25-nə keçən gecə Bakıda Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında uçqun hadisəsi baş verib. Nəticədə yolun bir hissəsi tamamilə dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.


Müəllif: Aysel Azad