9 Dekabr 2019 18:22
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz hər hansı bir birtərəfli mövqe də qoya bilmərik. Əlbəttə, atanın və analıq deyilən şəxslə də bağlı araşdırmalar aparılmalıdır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Uşaq Hüquqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə uşaqlar hazırda Ağcabədidə babalarının yanındadırlar: “Dünən baba ilə də danışdıq, təklif etdik ki, uşaqları Bakıya gətirsin. Onları tam müayinələrdən keçirək, daxili orqanlarında zədələrin, xəstəliklərin olub-olmaması ilə bağlı araşdırma edək, ehtiyac varsa, müalicə aparaq”.

Kəmala Ağazadə bildirib ki, məsələ ilə bağlı tədqiqat aparılmalı, uşaqlara zorakılıq tətbiq edənlərə qarşı dərhal cinayət işi açılmalı, istintaq aparılmalıdır: “Bizim işimiz bunu sosial şəbəkələrdə ictimailəşdirmək idi. Hüquq mühafizə orqanlarının məsələni çox ciddi araşdıracağına əminəm. Biz hər hansı bir birtərəfli mövqe də qoya bilmərik. Bu hüquq mühafizə orqanlarının üzərinə düşən işdir”.

Qeyd edək ki, Ağcabədi sakini olan Tərgül İbrahimova DİN-in “102 xidməti”nə zəng edərək mərhum bacısının paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan azyaşlı övladları Qulu və Hüseynin ataları Xəqani Əkbərov və ögey anaları Nuranə Əkbərova tərəfindən işgəncələrə məruz qaldığını bildirib. Daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırma aparılıb. Baş prokuror Zakir Qaralov yayılan məlumatları nəzarətə götürüb.


Müəllif: Aysel Azad