9 Dekabr 2019 21:56
336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Andrey Strukov ilə görüşüb.

DGK-dən Teleqraf.com-a verilən məlumata görə, rusiyalı qonağı səmimi salamlayan Komitə sədri Azərbaycanla Rusiya arasındakı mehriban qonşuluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib və iki ölkənin işgüzar, peşəkar əlaqələrə malik olan gömrük orqanlarının bu da münasibətlərin inkişafına öz töhfəsini verdiyini diqqətə çatdırıb.

Son illərdə Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verən S.Mehdiyev tətbiq edilən yeniliklər hesabına gömrük prosedurlarının daha da sadələşdirildiyini, sərhədkeçmə vaxtının minimuma endirildiyini, şəffaflığın təmin olunduğunu, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, ölkənin tranzit imkanlarının artırılmasında mühüm nailiyyətlərin əldə edildiyini bildirib.

Komitə sədri Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın xüsusi çəkiyə malik olduğunu vurğulayıb, iki ölkənin iqtisadi və ticarət münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mövcud olan əlavə imkanlardan səmərəli istifadə olunacağına əminliyini ifadə edib.

Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Andrey Strukov səmimi görüşə görə təşəkkürünü bildirib, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb, əlaqələrin perspektivlərindən danışıb.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com