10 Dekabr 2019 10:24
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş idarəsinin rəisi Elçin Qasımov, İnsan hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov, QHT rəhbərləri Əliməmməd Nuriyev, Əhməd Abbasbəyli, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, məhkəmə hakimləri və media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Elçin Qasımov məhkəmələrin fəaliyyəti ilə bağlı bəzi statistik məlumatları açıqlayıb:

“Məhkəmələr insan hüquqlarının qorunmasında çox mühüm rol oynayır. İl ərzində bizim məhkəmələrdə 270-280 min mülki xarakterli işlərə baxılır. Bizdə elə il olub ki, yarım milyona yaxın mülki işə baxılıb. Qeyd etmək lazımdır ki, KİV-də məhkəmə hakimləri ilə bağlı bəzi fikirlər səsləndirilir. Bəzi hallarda həmin məlumatlar o qədər müsbət olmur.

Nəzərinizə çatdırmaq istəyirəm ki, baxılmış mülki işlərin 80 faizində tərəflər şikayət vermir. Kassasiya məhkəmələrində baxılmış işlərin yalnız 3-4 faizi digər məhkəmələrə göndərilir.

Yəni birinci instansiyada baxılan işlərin 90 faizindən çoxu qüvvədə saxlanılır. Biz nəzərə almalıyıq ki, hakimlərin iş yükü çoxdur. Orta hesabla hər hakim ayda 100 işə baxır. Onların iş yükünün azaldılması, hakimlərin sayının artırılması ilə bağlı tədbirlər görülür”.

Elçin Qasımov bildirib ki, 3 aprel 2019-cu il tarixli “Məhkəmə işlərinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərman çox böyük əhəmiyyət kəsb edir:

“Fərmanın icrası ilə bağlı çoxsaylı layihələr hazırlanır. Bu layihələrin bir qismi artıq Milli Məclisdə müzakirə edilərək qəbul olunub. Hazırda digər qanun layihələri də hazırdır və yəqin ki, MM-də baxılacaq”.

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aynur Sabitova çıxışında deyib ki, Azərbaycanda ilk dəfə məhkəmə aparatında spiker hakimlər mətbuat xidməti kimi fəaliyyətə başlayacaq:

“Artıq bu barədə Məhkəmə-Hüquq Şurası qərar qəbul edib”.


Müəllif: Teleqraf.com