10 Dekabr 2019 17:38
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev dəfn olunub.

Təzə Pir məscidində tanınmış kinorejissor, Xalq artisti, professor Yalçın Əfəndiyevlə vida mərasimi keçirilib. Mərasimdən sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirliyin, “Azərbaycanfilm” kinostudiyasının əməkdaşları, mədəniyyət, incəsənət xadimləri iştirak edib.

Qeyd edək ki, Yalçın Heydər oğlu Əfəndiyev 2019-cu il dekabrın 10-da ömrünün 82-ci ilində vəfat edib.

1937-ci il iyulun 24-də Bakıda anadan olan Yalçın Əfəndiyev 1960-cı ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini, 1966-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (indiki Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) Rejissorluq fakültəsini bitirib.

1966-cı ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Kinostudiyada sənədli filmlər birliyinin direktoru, 1991-1994-cü illərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin bədii rəhbəri işləyib.

“Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi “Cırtdan” cizgi-applikasiya filmi ilə Azərbaycan kinosunda bu sahənin inkişafında yeni mərhələnin əsası qoyulub. Sənədli filmləri ilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyev həmçinin “Xatirələr sahili” tammetrajlı bədii filminə quruluş verib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər dərs deyən professor Yalçın Əfəndiyev gənc kinematoqrafçılar nəslinin yetişməsində və peşəkar kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.

Allah rəhmət eləsin.

***

11:32

Azərbaycan kinorejissoru, Xalq artisti Yalçın Əfəndiyev vəfat edib.

Mərhumla vida mərasimi Təzəpir məscidində keçiriləcək.

Mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Yalçın Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli rus məktəbini bitirib.

"Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib. "Nə yaxşı ki, dünyada Səməd Vurğun var" filmi uğurlu işlərindəndir. Bu filmə görə yaradıcı heyət - ssenari müəllifi İsmayıl Şıxlı, rejissor Yalçın Əfəndiyev və operator Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan Komsomolu mükafatına layiq görülüblər.

Yalçın Əfəndiyev bir müddət "Azərbaycanfilm" kinostudiyasının xronikal-sənədli və elmi-kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib. Həmin dövrdə Azərbaycan tarixinə, mənəvi dəyərlərinə həsr edilən onlarla film araya-ərsəyə gəlib.

"Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub. Sənədli filmləri ilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi "Xatirələr sahili" filmidir.

Yalçın Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib./report/

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com