10 Dekabr 2019 15:28
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çində uyğur türklərinin bu şəkildə aşağılanması, insanlara qarşı zorakı üsullardan istifadə olunması, onların basqılara məruz qoyulması biabırçı hadisədir”.

Bu fikirləri Teleqraf.com-a şair Rüstəm Behrudi son dövrlər Çində uyğur türklərinə qarşı başlayan zorakı hallar haqqında danışarkən deyib.

Rüstəm Behrudinin sözlərinə görə, Çin və türklər qədim dövrdən həmsərhəd ərazidə yaşadıqlarından düşmən münasibətlərə sahib olublar: “Daima qənimət, var-dövlət üstündə ya türklər Çini yağmalayıb, ya da çinlilər güclənən kimi türklərin üzərinə hücum çəkiblər. Sadəcə, indi fürsət əllərinə düşdüyü üçün uyğur türklərini assimlyasiya edirlər, incidirlər, fiziki işgəncələrə məruz qoyurlar.

Əslində kənardan baxanda Çin monolit ölkə təsiri bağışlayır. Mən Çində olmuşam, o torpaqları qarış-qarış gəzmişəm. Çində 50-100 milyonluq sayı olan etnik qruplar var. Necə olur, onlara qarşı belə basqı, qətliam yoxdur, amma guya müsəlmandırlar deyə uyğurlara qarşı belə sərt davranış həyata keçirirlər?

Əslində bu görüntüdə belədir. Uyğurlar müsəlman olduqları üçün deyil, türk olduqları üçün rəqib olunurlar. Müsəlman olduqları üçün təqiblərlə üzləşsəydilər, bütün müsəlman dünyası onlara sahib çıxardı. Bu məsələdə müsəlman amili rol oynamır. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanı, digər ölkələr Çinlə həmrəylik nümayiş etdirdilər”.

Rüstəm Behrudi qeyd edib ki, ABŞ, Fransa, İngiltərə isə uyğur türkləri ilə Çinin bu şəkildə davranmasına qarşı çıxıblar: “Ən dəhşətlisi odur ki, müsəlman dünyasının lideri olmağa iddialı Rəcəb Təyyub Ərdoğan hökuməti bu məsələdə uyğurları dəstəkləmədi. Baxmayaraq indiki Türkiyə hökuməti Fələstinə, elə suriyalı qaçqınlara hər cür yardım və dəstək verir. Amma türk olan uyğurların təzyiqlərlə qarşılaşmasına reaksiya verilmir.

Əlbəttə, bu hal bizi incidir. Mən hər zaman demişəm, dünyada nə qədər savaş getsə də onun bir adı var: türk olanlarla olmayanların savaşı. Dünyanın hər yerində bu svaş gedir. Mən indiki türk hökumətinin uyğur türkləri ilə bağlı apardığı siyasəti yanlış və utancverici hesab edirəm. Bəzən deyirlər ki, özünüz səsinizi çıxarmırsınız, amma bunu başqa ölkələrdən, məsələn, Türkiyədən istəyirsiniz. Söhbət ondan gedir ki, türk dünyasının gözü Türkiyədə olduğu üçün biz belə danışırıq.

Hətta uyğurların incəsənət, mədəniyyət, elm adamları Türkiyəyə ümidlə baxır. Əslində indiyə qədər türk iqtidarları zaman-zaman uyğur türklərini müdafiə edib. Ancaq indi bu baş vermir”.

Rüstəm Behrudi hesab edir ki, ABŞ, Fransa, İngiltərə və digər ölkələrin uyğur türklərinə görə Çini ittiham etməsi geopolitik maraqlarla bağlıdır: “Fakt odur ki, Çində uyğurlar təqib edilir, zorakılığa məruz qalır. Mən bunu görmüşəm. Həmin ölkələrin bəyanatlar səsləndirməsi də müsbət hadisədir, maraqların nədən ibarət olmasından asılı olmayaraq...

Şəxsən mən hesab edirəm ki, Çinə bəyanatlarla təsir etmək mümkün deyil. Məncə, Çinlə çətin mübarizə üsulları seçilməlidir. Çinin dünya iqtisadiyyatında tutduğu mövqe, dünya siyasətində oynadığı rol var və dünya əhalisinin az qala yarısından çoxunu Çin təşkil edir.

Fikrimcə, Çinə qarşı etirazları başqa formada bildirmək lazımdır. Çin ona görə güclüdür ki, dünya onun istehsal etdiyi malları idxal edir. Zənnimcə, Çinin məhsullarını boykot yolu ilə ona təsir etmək mümkündür.

Azərbaycan da, Türkiyə də, digər ölkələr də bu yolu tutmalıdır. Belə sanksiya seçilsə Çin məsələnin ciddiyyətini anlayıb geri addım atacaq”.


Müəllif: Cavad