10 Dekabr 2019 21:28
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Salam, Azərbaycan! Salam Bakı! Salam, “Azərbaycantelefilm!” Bu doğma sözləri eşidəndə mənim yadıma gəncliyim düşür. Heç təsadüfi deyil ki, mən Azərbaycan Televiziyasında 40 il işləmişəm. Keçən əsrin 60-ci illərində Azərbaycan Televiziyasına gələndən sonra çox çətin, mürəkkəb və maraqlı yaradıcılıq yolu keçmişəm. Bu müddət ərzində 50-dən çox sənədli film və 1500 qədər ictimai-siyasi veriliş hazırlamışam”.

Teleqraf.com xəbər verir ki, bunu “Azərbaycantelefilm”in rejissor və ssenarist veteranı Əhməd Abdullayev bildirib.

O qeyd edib ki, onun yaradıcılığının ən yüksək nöqtəsi ulu öndər Heydər Əliyevə həsr edilmiş silsilə verlişlərlə bağlıdır:

“Azərbaycantelefilm”in keçdiyi bu 60 illik yaradıcılıq yolunda, bu bayram ərəfəsində onun korifeylərini, ustadlarını xatırlamamaq günahdır. Axı məhz onların ağlı və cəsarəti nəticəsində Azərbaycan Televiziyasında yeni qurum – Telefilm yaradıldı.

İshaq İbrahimov, Arif Babayev, Rüfət Şabanov, Nazim Abbasov, Arif Qazıyev, Vasif Babayev, Nəriman Şıxəliyev, İsgəndər Kərimov, Tofiq Tağıyev... Onlar məhz burada – yeni məktəb, yeni istiqamət – televiziya kino məktəbi yaratdılar.

Ədəbiyyat və tərcümə sahəsində nüfuzlu mütəxəssis olan İshaq İbrahimov mənim iç dünyamı dürüst anlamaqla kifayətlənmir, həm də ona praktik kömək göstərir və yaradıcılıq dəstəyini əsirgəmirdi. Məhz bu köməyin sayəsində mən “Azərbaycantelefilm” yaradıcılıq-istehsalat birliyində bir-birindən maraqlı sənədli filmlər çəkməyə başladım. Çox keçmədən mənim rejissoru olduğum “Qırmızı qələm”, “Sevilin bacıları”, “Neft Daşları”, “Mingəçevir”, “Şahdağın ətəyində”, “And”, “Həyatın cizgiləri”, “Naxçıvan” kimi maraqlı sənədli filmlər ekranlara çıxdı. O vaxt qayda belə idi ki, müttəfiq respublikalarda çəkilən filmlərin hamısı dövlət sifarişi sayılırdı. Moskvada xüsusi komissiya bu filmləri qəbul edirdi və daha çox bəyənilən əsərlər ümumittifaq ekranında – mərkəzi televiziyada və Avroviziya ekranlarında nümayiş etdirilmişdi. Mənim çəkdiyim bütün filmlər həmişə yüksək qiymətə layiq görülüb və böyük ekranlarda göstərilib”.

Əhməd Abdullayev bildirib ki, rejissorluq ən gözəl peşələrdən biridir:

“Gözəlliyi ondadır ki, bu peşə sahibinin dünyaya, gerçəkliyə, hadisələrə fərqli baxışı, bir də qeyri-adi istedadı olur. İstedad ilahi qabiliyyətdir və ilk növbədə istənilən ideyaya, məzmuna müəyyən forma verməkdə üzə çıxır. Mən o zaman bu insanları tanıyanda televiziya yaradıcılığı və rejissor işi haqqında bu qənaətlərim təzə-təzə formalaşırdı. Onlarla uzun illər birgə unudulmaz fəaliyyətimiz mənim bu düşüncələrimə yeni miqyas verdi, təsəvvürlərimə əlavə rənglər qatıb onu xeyli əlvanlaşdırdı.

Mən yuxarıda qeyd etdiyim ustadların hamısı ilə işləmişəm, onlardan çox şey öyrənmişəm. Bu televiziya korifeylərini necə unutmaq olar?!

Bu 60 illik yubiley bayramı ərəfəsində – mən öz adımdan və xaricdə yaşayan azərbaycanlılar adından “Azərbaycantelefilm” yaradıcılıq birliyinin bütün heyətini təbrik edir, hamıya cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram”.

Qeyd edək ki, Əhmər Abdullayev hazırda İsraildə yaşayır.


Müəllif: Səxavət