11 Dekabr 2019 11:23

Ailə institutu tarix boyu dövlətlərin siyasi, sosial - iqtisadi, mədəni mühitinin formalaşmasında mühüm rol oynayıb. Ailə cəmiyyət, dövlət üçün vətəndaş vətəndaş yetişdirməli, dəyərlər sistemini formalaşdırmalıdır. Odur ki, dövlət möhkəm və sağlam ailənin qurulmasında maraqlıdır. Güclü ailə güclü dövlət deməkdir.

Qərbdə ailə böhranı – Ondan necə qorunaq?

Bu gün qloballaşan dünyada ailələr texnoloji və iqtisadi inkişafın təsiri altındadırlar. Qərb cəmiyyətində müşahidə olunan dəyişikliklərin yaratdığı dalğanın ətrafa yayılması narahatlıqla qeyd olunur. Qərb toplumu ailə institutunu bir dəyər kimi deyil, sərmayə vasitəsi, fərdi maraqların təmin edilməsi kimi qəbul etməkdədirlər. Ailə ənənələrinin zəif olması bir sıra sosial-psixoloji fəsadların yaranmasına yol açır ki, bu da, öz növbəsində, cəmiyyətdə deqradasiyanı sürətləndirir. Müasir dövrdə Azərbaycan dünya birliyinə inteqrasiya edir. Bu baxımdan dünyada gedən qloballaşma prosesi cəmiyyətimizə təsirsiz ötüşmür. Mustəqillik tarixi o qədər də qədim olmayan dövlətlər üçün ailə dəyərlərinin qorunması xüsusilə çətindir.

Sirr deyil ki, Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı modellərdən biridir. Dövlət bu modelin qorunub saxlanılması üçün müxtəlif siyasi proqramlar hazırlayır, sosial layihələr həyata keçirir. Ailənin inkişafı və sosial təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, gənc ailələrə mənəvi dəstək prinsipləri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Həmin Konsepsiyaya əsasən “Azərbaycan Ailəsi Strategiyası”nın, Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının, “Ailə psixoloqu” İnstitutunun hazırlanması nəzərdə tutulur. Respublikamızda cəmiyyətə layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında məqsədyönlü işlər aparılır. Məlumdur ki, Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir. Lakin nikahın pozulması və ümumilikdə ailə institututnun dağılması halları ilə bağlı rəsmi statistik rəqəmlər bu sahədə həlli vacib problemlərin aktuallığını zəruri edir.

Təəssüflər olsun ki, son rəsmi məlumatlara əsasən ölkədə boşanmaların sayı ən yüksək həddə çatmışdır. Açıqlanan rəqəmlərə görə son 24 ildə daha çox 1 uşaqlı ailələr nikaha son qoyub. Tək uşağı olan ailələrdə ən çox boşanma halı 1990-cı ildə qeydə alınıb. Həmin il Azərbaycanda bir uşağı olan 2045 ailə yollarını ayırıb. Sonrakı illərdə bu göstərici azalmağa doğru dəyişsə də, 2011-ci ildən sonra bu say getdikcə artıb. Boşanmalar ailə institunun dağılmasında, dəyərlərin tapdanılmasında başlıca rol oynayır.

Boşanmaların səbəbləri müxtəlif olsa da, əsas amil kimi erkən nikahlar, məişət zorakılığı, gender bərabərsizliyi, qadınlara qarşı zorakılığı, sosial-iqtisadi durum göstərilir.

Ailə institutu, gender bərabərliyi və təhsil

Təbii ki, ailə dəyərlərinin qorunmasında gender bərabərliyi xüsusi rol oynayır. Gender bərabərliyi isə qadınlara təhsil verilməsindən keçir. Hələ 117 il öncə Şərqin ilk mesenatı Zeynəlabdin Tağıyev Bakıda ilk qızlar məktəbinin açılışı ilə bağlı xalqa müraciətində deyirdi.

“Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir, gözləri açılar, külfətlə rəftarları xoş olar. İngiltərəyə, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirirlər. Çünki öz qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar da, özü-özünə olurlar, mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İş belə getsə ata-baba ocağı qalacaq Quransız, namazsız, şəriətsiz...”

1901-ci il 7 oktyabrda Yaxın Şərqdə ilk qızlar məktəbi açıldı. Bu tarixi addım 17 il sonra 1918-ci il 28 mayda Azərbaycan Cümhuriyyəti yaradılarkən qadınlara kişilərlə bərabər siyasi hüququların verilməsilə nəticələndi. Halbuki həmin ildə Avropanın bir sıra ölkələrində qadınlar bir çox hüquqlardam məhrum idilər, ABŞ-da isə ağ dərililərin qara dərililərlə eyni avtobusda gedib-getməməsi müzakirə olunurdu. Sonrakı illərdə Azərbaycan qadınının cəmiyyətin ictimai-siyasi, mədəni həyatında oynadığı rol, uğurları daha da artdı və indiki mərhələyə gəlib çıxdı.

Qadınlara hörmət, ağsaqqallara və ağbirçəklərə sayğı

Prezident İlham Əliyev bu il noyabrın 26-da BDU-nun 100 illiyinə həsr edilmiş mərasimdə çıxışı zamanı qadınlara hörmət, ağsaqqallara və ağbirçəklərə sayğı barədə dəyərli fikirlər səsləndirib. O, qeyd edib ki, Azərbaycan belə dəyərlərə hörmət etməyən Avropaya heç vaxt inteqrasiya etməyəcək.

Sitat:

-Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin.

Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözlər çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə?

Doğrudan da, müşahidələr göstərir ki, bu gün gender bərabərsizliyi, qadın zorakılığını əldə bayraq tutan bəzi feminist qruplar bir qədər irəli gedərək ailə dəyərlərinə dil uzadırlar, cəmiyyəti qıcıqlandıracaq açıqlamalar verirlər. Onlar zamanın sınağından çıxmış dəyərləri zərərli stereotiplər adlandırır, milli qəhrəmanları, tarixi şəxsiyyətləri alçaldır, azad seksi təbliğ edir, gənc nəsildə ailə dəyələri haqqında xoşagəlməs fikirlər formalaşdırırlar. Təbii ki, belələrinin təsiri altına düşən gənclərin quracaqları ailələrin nə qədər möhkəm olacağı şübhə doğurur.

Ailə institunun formalaşması və demoqrafik problemlər

Bu gün müasir Azərbaycan ailəsinin problemlərindən biri də ölkədəki demoqrafik vəziyyətlə bağlıdır. Statistikaya nəzər yetirək.

BMT-nin son hesabatlarına görə, Azərbaycan dünyada doğulan uşaqların cins nisbətinə görə Çindən sonra 2-ci yeri tutur. Başqa sözlə desək, ölkəmiz selektiv abortların səviyyəsinə görə yalnız Çindən geri qalır. Deməli, qadınlar ilk şiddətə hələ dünyaya gəlmədən məruz qalırlar. Bətnindəki körpəsi məhz qız olduğu üçün aborta üz tutan xanımlarımız, şübhəsiz ki, bunu əsasən həyat yoldaşının, qayınanasının və digər qohumlarının təzyiqi ilə edirlər. “İki qızın var, İnşəAllah üçüncü oğlan olar”, “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” kimi psixoloji basqılar qadınları daim sıxıntıda saxlayır. Sanki oğlan anası və ya atası olmaq, qız anası və ya atası olmaqdan daha qiymətli, üstün bir hisdir. Sanki dölün cinsinə görə qadın cavabdehdir. Halbu ki, tibb bətndəki körpənin cinsinin formalaşmasında qadının heç bir rol oynamadığını, ananın sadəcə daşıyıcı və qidalandırıcı missiya daşıdığını təsdiqləyib.

2006-cı ildə qüvvəyə minən “Gender bərabərliyinin təminatları haqqında” Qanunla cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları yasaqlanıb, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaradılıb.

Mətbuat qadın hüquqlarının müdafiəçisi qismində

Azərbaycanda qadın hüquqlarının tarixinə nəzər yetirdikdə mətbuatın rolu çox aydın görünür. Heç də təsadüfi deyil ki, qızlar üçün məktəbin açılması təşəbbüsünü ilk olaraq “Əkinçi” qəzetinin banisi Həsən bəy Zərdabi irəli sürüb. O, hələ 19-cu əsrin 70-80-ci illərində qızlar və oğlanlar üçün dünyəvi təhsilin təbliğatçılarından biri idi.

Sonrakı illərdə qadınların təhsil və digər hüquqlarının mətbuatda təbliği ilə Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və başqa maarifçilər məşğul oldular. Bu missiya hazırda daha güclü şəkildə davam etdirilir.

Son illər Azərbaycan mətbuatında qadınlara qarşı zorakılığın pislənməsinə dair dərc edilən materialların sayı artmaqdadır. Mətbuatda qadınlara qarşı ayrı-seçkiliyin hər bir forması pislənilir və yazılarda diskriminasiya elementləri olan sözlərdən istifadə olunmaması tövsiyə edilir. Məsələn, təklif olunur ki, “qadın sürücü”, “qadın baş direktor”, “qadın icra başçısı”, “qadın deputat” və s bu kimi sözlərdən yeri gəldi-gəlmədi işlədilməsin. Əlbəttə, burada mübahisə doğuran, ciddi müzakirəyə ehtiyacı olan amillər kifayət qədərdir. Cəmiyyətdə cinsi ayrı-seçkiliyin aradan qalxmasına töhfəsini verməli olan media bir sıra hallarda özü də diskriminasiyaya yol verir, problemin dərinləşməsinə xidmət edir. Bu günə qədər jurnalistika fəaliyyətimizdə nəzərə almadığımız və ya ciddi əhəmiyyət vermədiyimiz bu cür məqamlar hazırda medianın ciddi gender problemi kimi öyrənilməkdədir.

Yeni qaydalar

Qeyd edək ki, Avropa Şurasının gender bərabərliyi layihəsinə uyğun olaraq Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına "Ayrı-seçkiliyin yolverilməzliyi prinsipinin və gender bərabərliyinin təşviqi və müdafiəsi” adlı yeni 4-cü prinsip daxil edilib. Yeni prinsipdə deyilir ki, jurnalist ayrı-seçkiliyə yol verməməli və gender bərabərliyi prinsipinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmalı, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini vurğulamamalı və ya fərqləndirməməlidir. Gender stereotiplərini təbliğ etməməli, onlara qarşı mübarizə aparmalı və mediada qadınların və kişilərin pozitiv və gender stereotiplərindən azad imicini təşviq etməli, gender əsaslı zorakılıq hallarının mediada işıqlandırılmasına həssaslıqla yanaşmalı, gender əsaslı zorakılığı pisləməli və onun neqativ nəticələrinə dair cəmiyyətdə məlumatlığı artırmalıdır. Həmçinin jurnalist mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamalı, kişi və qadın jurnalistlərə bərabər hüquqlar, imkanlar təmin olunmalıdır.

Sonda onu da bildirək ki, 2019-cu ildə Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində “Gender bərabərliyi və media” adlı kitab hazırlayıb. Jurnalistlər üçün bələdçi rolunu oynayan bu nəşr xəbər istehsalçılarının masaüstü kitabı olmalıdır.

Ruslan Xəlilov

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir


Müəllif: Teleqraf.com