11 Dekabr 2019 20:51
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

DGK-dən Teleqraf.com-a verilən məlumata görə, səfiri yeni təyinatı münasibətilə təbrik edən Komitə sədri S.Mehdiyev Azərbaycan və Qətər arasında əməkdaşlıqdan bəhs edib, iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində aparılan islahatlar gömrük prosedurlarının sadələşdirilməsinə, ölkənin ixrac və tranzit potensialının artmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük işinin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb.

S.Mehdiyev Azərbaycan ilə Qətər arasında ticarət dövriyyəsinin inkişaf etdiyini, lakin hər iki dövlətin idxal-ixrac əməliyyatlarının həcminin artırılması ilə bağlı daha böyük imkana malik olduğunu bildirib və bu imkanlardan maksimum yaralanmağın vacibliyini diqqətə çatdırıb.

Daha sonra hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərinə toxunan Komitə sədri gömrük işinin təşkili istiqamətində əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

DGK sədri gələcəkdə imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikasının Hökuməti ilə Qətər Dövlətinin Hökuməti arasında gömrük qanunvericiliyinin optimal tətbiqi və gömrük hüquqpozmalarının aradan qaldırılması, təhqiq edilməsi və onlara qarşı mübarizə aparılmasına dair qarşılıqlı inzibati yardım haqqında Saziş” iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyi və tərəflərin inteqrasiyasını sürətləndirəcəyi vurğulanıb.

Qətərin Azərbaycanda yeni təyin olunmuş səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə qurulan səmərəli və işgüzar münasibətlərdən məmnunluqla söhbət açıb. Səfir Azərbaycanda ticarət-investisiya mühitinin cəlbedici olduğunu və qətərli iş adamlarının bu imkanlardan yararlanmasının vacibliyini diqqətə çatdırıb, eyni zamanda iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin daha da gücləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayıb.


Müəllif: Teleqraf.com