13 Dekabr 2019 09:14
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövzu sağlamlıq və qida olduqda, gündəlik həyatımızda meyvə və tərəvəzlərə daha çox yer ayırmağın vacibliyi qeyd olunur.

Sağlam qidalanma üzrə ekspert-təlimçi Məhsəti Hüseynova meyvələrin zərərləri haqqında Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, bütün meyvələrin günün birinci yarısında yeyilməsi daha faydalıdır: “Gecə boyu orqanizm inkişaf etmək üçün enerji sərf edir. Bu enerjini bərpa etmək üçün səhər vitamin və minerallar qəbul edilməlidir. Tərkibində şəkər və kalori olan meyvələri günün birinci yarısında yemək lazımdır. Əks halda, şəkər enerji olaraq çıxmadığı üçün piylənməyə səbəb olur”.

Ekspert banan, əncir, tut, ərik kimi meyvələrin səhər saatlarında istehlak edilməsinin daha faydalı olduğunu bildirdi: “Tərkibində şəkər və kalori yüksək olduğu üçün bu meyvələr kökəlmək istəyənlər üçün faydalıdır. Xüsusilə oturaq həyat tərzi keçirənlər bu meyvələrdən az istehlak etməlidir”.

Məhsəti Hüseynova qeyd edib ki, qarpız axşam saatlarında yemək məsləhətdir: “Qarpız tez həzm olunur, tərkibindəki şəkər piy olaraq yığılmır. Eyni zamanda axşam yeyiləcək meyvələrə şaftalını əlavə edə bilərik. Axşam üçün həzm prosesində aktiv iştirak edir”.

Mütəxəssisin sözlərinə görə, meyvələrin əks-təsirlərini bilmək üçün əvvəlcə tərkibi haqqında məlumatlı olmaq lazımdır: “Bəzi meyvələrin tərkibində şəkər həddindən artıq çoxdur. Şəkər xəstələri yemiş, qarpız, üzüm, banan, şaftalı, şirin alma kimi meyvələrdən uzaq durmalıdırlar. Qədərindən artıq istehlak edildiyi halda qanda olan şəkərin miqdarını artıraraq, mənfi təsir göstərir”.

Ekspert qeyd edib ki, sitrus və ekzotik meyvələrinin tərkibində C vitamini çox olduğu üçün allergik xüsusiyyətlərə malikdir: “İlk dəfə üçün az miqdarda yeyib, əks təsirlərinin olub-olmamasını öyrənmək daha məqsədə uyğundur. Bu meyvələrdə turşululuq miqdarı yüksək olduğu üçün qastrit xəstələrinə mənfi təsir göstərir. Mədə şirəsi turşuluğun miqdarını artırır, bu da qıcqırma və ağrıya səbəb olur”.


Müəllif: Aysel Azad