14 Dekabr 2019 10:44
1 111

Bu gün böyük azərbaycanlı, məşhur elma adamı, professor Xudu Məmmədovun doğum günüdür.

Teleqraf.com xəbər verir ki, alim AMEA-nın müxbir üzvü, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri və Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü olub.

Xudu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində doğulub. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olub, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb.

Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu “Borosilikat-aksinit mineralının quruluşunun təyini” olur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər.

1955-ci ildə Xudu Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında “Kristalloqrafiya və kristallofizika” ixtisası üzrə “Ksonolit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda namizədlik dissertasiyası müdafiə edir.

Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb.

1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya sahəsində olub.

Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirib, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və sair arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarıb, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir.

Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib.

Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətlər göstərib. “Şərəf nişanı” (1967), “Qırmızı Əmək Bayrağı” (1986) ordenləri, Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərmanı” və bir sıra medallarla təltif olunub.

Xudu Məmmədov 1988-ci il oktyabrın 15-də vəfat edib.

1990-cı ildə ölümündən sonra Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məmməd Əmin Rəsulzadə mükafatına layiq görülüb.


Müəllif: Mənsur Rəğbətoğlu