14 Dekabr 2019 14:08
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə Şəkidə ənənəvi Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku start götürüb.

Respublika Milli Atüstü Oyunlar Mərkəzində keçirilən yarışda 12 komanda mübarizə aparır. Püşkə əsasən, “Omər”, “İsmayıllı” və “Murad” A qrupunda, “Polad”, “Şəki” və “Qarabağ” B qrupunda, “Buta Golden”, “Köhlən” və “Ağcabədi” C qrupunda, “Sərhədçi”, “Ağstafa” və “Qala” isə D qrupunda yer alıb.

Açılış turunun ilk 4 görüşündə “Buta Golden” “Köhlən”i 3:0, “Omər” “Murad”ı 5:1, “Polad” “Qarabağ”ı 8:1, “Sərhədçi” isə “Qala”nı 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, reqlamentə əsasən, dekabrın 15-də başa çatacaq qrup mərhələsində qələbəyə 3, heç-heçəyə görə isə 1 xal verilir. Qruplarda ilk 2 yeri tutacaq komandalar ayın 16-da keçiriləcək 1/4 finala vəsiqə qazanacaqlar.

Prezident Kubokunun final mərhələsi Bakıda, Binə Atçılıq Mərkəzində olacaq. Dekbarın 22-də yarımfinallar, 24-də isə final görüşü baş tutacaq. Yarışın mükafat fondu 50 min manatdır./report/


Müəllif: Teleqraf.com