16 Dekabr 2019 17:00
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qış təkərləri ilə bağlı qanuna müəyyən təkliflər var. Mövsümlə əlaqədar olaraq bu təkərlərdən istifadə etmək tövsiyə edilir”.

Bunu Teleqraf.coma açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlıdeyib.

Onun sözlərinə görə, bəzi ölkələrdə qış təkərlərindən istifadə etməyən sürücü cərimələnir: “Azərbaycanda belə bir məhdudiyyət yoxdur, cərimə tələbi qoyulmur. Ümumiyyətlə, təkərlərin vəziyyəti ilə bağlı məsələ açıq qalır. Təkərlərin protektorlarının ölçüsü qaydalara uyğun olmasa, sürücü cərimə oluna bilər. Amma bu elə bir haldır ki, avtomobil hərəkətdə olarkən bunu yol polisi necə aşkar edə bilər? Yəni bir az qəliz məsələdir”.

Ekspert bildirib ki, qış təkərlərindən istifadə olunmaması inzibati xəta olsa da, aşkarlanması mücərrəd məsələdir: “Həmişə tövsiyə edirik, qanunvericiliyin tələbləri də var ki, qış təkərlərindən istifadə etmək faydalıdır. Ən azından istifadə olunan təkərlərin protektorları norma daxilində olmalıdır. Sərt döngələrdə, kiçik manevrlərdə avtomobilin arxası sürüşür, əyləc sistemi nə qədər aktiv olsa da avtomobil rahat dayanmır”.

Elməddin Muradlının sözlərinə görə, bu mövzu sürücülər tərəfindən ciddi qəbul olunmur: “Çox sürücü buna əhəmiyyət vermir. Təbii ki, öz təhlükəsizliyini düşünənlər var və onlar mövsümlə əlaqədar olaraq qış təkərlərinə keçid edirlər. Bəziləri isə 4 fəsil eyni təkər növündən istifadə edir”.

Ekspert qeyd edib ki, sürücülərin məsələyə laqeyd yanaşmasına qiymətlərin də təsiri var: “Əksər sürücülər sadəcə maşın hərəkət etsin deyə ucuzvari təkərdən istifadə edir. Əvvəlki illərlə müqayisədə qiymətlər iki qat artıb. Baha olduğu üçün insanlar ucuz, yaxud istifadə olunmuş təkərlərə qaçır”.

Mütəxəssisin fikrincə, ictimai nəqliyyat vasitələrində bu məsələyə daha həssas yanaşmaq lazımdır: “Konkret məhdudiyyət qoyulmasa da, taksi və avtobuslarda buna daha çox ehtiyac var. Kütləvi insan daşınması ilə məşğul olduqlarına görə bunlarda təkər məsələsinə diqqət olunmalıdır”.

Elməddin Muradlı bildirib ki, bir təkərin maksimal istifadə müdəti 5 ildən çox olmamalıdır: “İstifadə müddəti zavodun rəyindən asılıdır. Normal avtomobil idarə edib, gündəlik 20-30 km yol gedirsə, təkərdən 5-6 il istifadə etmək olar”.

Sürücülər isə bu barədə fərqli düşünürlər. Elvin Qurbanovun sözlərinə görə, havanın temperaturu yaxşıdı deyə qış təkərlərinə keçid etməyi hələ ki düşünmür: “Hər il təkərləri dəyişirəm. Hazırda ehtiyac olmadığı üçün yay təkərlərindən istifadə edirəm”.

Sürücü İlkin Həsənov isə büdcəsini nəzərə alaraq 4 fəsil eyni təkərlərdən istifadə etdiyini qeyd edib: “Qış təkərlərindən istifadə etməməyimin səbəbi var. Ölkədə havalar çox soyuq keçmir, fikrimcə, buna elə də ehtiyac yoxdur”.


Müəllif: Aysel Azad