Dillər Universitetinə Almaniyanın Frayburq Universitetinin nümayəndələri gəlib
Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Almaniyanın Fraqyburq Universitetinin nümayəndələri ilə görüşüb.
Teleqraf.com-a ADU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqları salamlayan rektor, professor Səməd Seyidov onları universitetdə görməkdən məmnun olduğunu deyib: “ O, Almaniya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişaf etdiyini bildirdi. Rektor Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfirinin bütün sahələrdə, eyni zamanda təhsil sahəsində əlaqələrin inkişafına dəstək göstərdiyini və əməkdaşlığın inkişafında səylərini əsirgəmədiyini qeyd etdi. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor, professor Səməd Seyidov Frayburq Universiteti ilə ADU arasında əlaqələrin yüksək əməkdaşlıq səviyyəsində olduğunu bildirdi.
Səmimi qəbula görə təşəkkür edən qonaqlar ADU ilə təmsil etdikləri universitet arasında olan əməkdaşlıqdan məmnunluq ifadə etdilər. Bundan sonra da əlaqələrin inkişafına əminlik ifadə olundu. Müəllim –tələbə mübadiləsinin ikitərəfli əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırıldı.
Görüşdə ADU-da alman dilinin tədrisi və gələcək əməkdaşlıq perspektivləri haqda fikir mübadiləsi aparıldı”.
Qeyd edək ki, görüşdə Qazaxıstanın Abay adına Milli Qazax Pedaqoji Universitetinin də nümayəndəsi iştirak edib.
Xatırladaq ki, sentyabrın 23-də Azərbaycan Dillər Universitetində professor-müəllim və tələbə heyətinin iştirakı ilə “İmtahan etmək, yoxlamaq, rəy vermək”(“Prüfen, Testen, Begutachten”) adlı metodik-didaktik seminar keçiriləcək. Seminar Almaniyanın Frayburq Universitetinin Tədris işləri üzrə prorektoru, professoru Hans-Verner Huneke, həmin universitetin dosentləri Natalia Hahn və Marianne Schölerin moderatorluğu ilə keçiriləcək. Universitetlərarası əməkdaşlığın koordinatoru, Müasir alman dili kafedrasının professoru Ulduz Asloanovanın təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək təkmilləşmə, interaktiv və müasir tədris metodları ilə xarici dil dərslərinin təşkili problemlərinin müzakirə olunacağı seminarın məqsədi bu sahədə mövcud çətinlikləri aradan qaldırılması ilə bağlı rəyləri gündəmə gətirməkdir.
Azərbaycan Dillər Universitetindən 10 nəfər, Özbəkistanın Nizami adına Dövlət Pedaqoji Universitetindən 2 nəfər, Qazaxıstanın Abay adına Dövlət Pedaqoji Universitetindən 2 nəfər iştirakçı öz məruzələri ilə çıxış edəcəklər.
Qeyd edək ki, seminar ADU və Frayburq Universiteti arasında imzalanan müqavilə çərçivəsində keçirilir.
NİGAR