“Bakı Ekspo Mərkəzi”ndə “Dinozavrlar şousu” adlı sərgi keçirilir. Biz də paytaxtımıza ilk dəfə olaraq gətirilən dinozavrları görmək və sərginin gedişi ilə tanış olmaq üçün bu məkana yollandıq. Mərkəzə daxil olan zaman Bakı sakinlərinin sərgiyə həddindən artıq maraq göstərməsinin və “Dinozavr şousu”na baxmaq üçün bu məkana yüzlərlə insanın gəlməsinin şahidi olduq.
“Canlı” dinozavrlar
Öncə bildirək ki, “Dinozavrlar şousu” sərgisi ilk dəfə olaraq Argentinada yaradılıb və burada müntəzəm olaraq həyata keçirilib. Ekspozisiya böyük uğur qazandıqdan sonra Avropa, Şimali və Cənubi Amerika, Çin və Rusiyada nümayiş olunub. İndi isə sərginin nümayiş olunduğu ölkələrin sırasına daha bir ölkənin – Azərbaycanın adı yazılır. Bu, dünyada dinozavrlar mövzusu üzrə ən mürəkkəb, genişmiqyaslı və interaktiv layihələrdən biridir. Sərginin həyata keçirilməsi üçün təkcə texniklər deyil, eyni zamanda paleontoloqlar geniş iş aparıblar. Məhz onların əməyi sayəsində bu sərgilərdə nümayiş etdirilən dinozavrlar “canlı” görünürlər.
Sahəsi 5 min kvadratmetr olan pavilyonda gəzərkən insan istər-istəməz dinozavrların “itirilmiş dünyası”ına qərq olur. Sərgidə bütün ailə ideal vaxt keçirir. Böyüklər sərgidən zövq alır, uşaqlar isə bu yaşlı nəhəngləri ilk dəfə görərək onlar haqqında xeyli məlumata yiyələnmiş olurlar. Habelə burada nəinki nəhənglərə baxmaq, eyni zamanda onlara toxunmaq, kiçik dinozavrların belində gəzmək, qabığı soyulan yumurtanın içərisinə və ya dinozavrın ağzına girmək mümkün olur.
“22 eksponat”
Sərginin təşkilatçı Sergey bildirdi ki, ekspozisiyada iki konsepsiyanı - təhsil və əyləncəni birləşdirməyə çalışılıb. O, bu şounun partlayıcı, ağlasığmaz, ən yaddaqalan və qeyri-adi olacağını vəd etdi: “Bu layihəyə 10 il əvvəl başlamışıq. Bu dövr ərzində dünyanın 100-dən çox şəhərində 250-dən artıq sərgi təşkil olunub. Həmin sərgilərə təqribən 5 milyon nəfər baş çəkib. “Dinozavrların şousu”nun yaranmasında məqsədimiz insanlara, xüsusən uşaqlara əvvəlki əsrlərdə hansı dinozavrların yaşamasını nümayiş etdirmək və bu barədə onlara ətraflı məlumat verməkdir. Bunun üçün Bakıya 22 eksponat gətirmişik. Əminik ki, şou Bakı sakinlərinin də böyük marağına səbəb olacaq. Artıq ilk günlərdən Bakı sakinlərinin bu sərgiyə həddindən maraq göstərməsinin şahidi oluruq”.
O, daha sonar bunları qeyd edib: “Şoumuzu seyrə gələn qonaqlarımızın alacağı təəssürat bütün həyatları boyu onların xoş xatirələrindən olacaq. Biz gənc qonaqlar üçün açılışda tarixə çevirilən kələzlər haqqında müsabiqə keçirdik. Müsabiqədə suala düzgün cavab verən hər bir ziyarətçimiz dinozavrın kiçik fiqurunu qazandı. Uşaqlar üçün də klounlar, cizgi filmi qəhrəmanları və illüzionistlərin iştirakı ilə şou təqdim olundu”.
“Məni qorxutdu”
Ekspozisiyanı izləməyə gələn Bakı sakini Nəzrin deyir ki, dinozavrların həyatı haqqında məlumat əldə etmək onun üçün böyük maraq kəsb edir: “Burada daha çox hərəkət edən dinozavrlar xoşuma gəldi. Onların bəziləri məni qorxutdu, amma qorxmağa dəyməz. 3D formatında isə dinozavrların həyatı haqqında məlumatlar, habelə uşaqlar üçün kiçik sevimli dinozavr - Dino ilə interaktiv oyun zonası yaxşı idi”.
Sərgi iştirakçılarından olan Aydın isə deyir ki, “canlı dinozavrlar” hərəkət etdikcə qorxu hissi keçirir: “Mən öncə elə bildim ki, bu dinozavrlar həqiqətir və buna görə də onlar tərpəndikcə qorxdum. Lakin sonra gördüm ki, bu dinozavrlar cizgi filmlərində gördüyüm dinozavrlar kimidir. Xoşuma gələn ən yaxşı məqam isə dinozavrların üzərində oturub şəkil çəkdirmək oldu”.
Təkrarolunmaz hiss
Bizimlə dinozavrın seyrinə çıxan sərgi bələdçisi Ceyhun İsrafilov bildirdi ki, “Dinozavrlar şousu”nu günəşli və heyranedici gözəlliyi olan Bakı şəhərində təqdim etdiyimizə görə şadıq: “Bizim dinozavrların interaktiv sərgisi dünyada ən böyükdür. O, böyüklər və müxtəlif yaş qrupundan olan uşaqlar arasında xeyli populyardır. Bu sərgi uşaqlarımıza Yerin formalaşması dövrü, onun necə inkişafı, həmçinin dinozavrlarla bağlı yaddaqalan faktlarla tanış olmağa imkan verən yeganə məkandır. Əlbəttə ki, dinozavrlarla unudulmaz şəkillər, gözlənilməz və qeyri-adi fotoalbomu zənginləşdirir”.
Onun sözlərinə görə, layihənin vüsəti təsəvvürləri heyran edərək bədheybətlər dövrünə “getmənin” təkrarolunmaz hissi “Bakı Ekspo Mərkəzi”ni əsl cəngəlliyə çevirib: “Cəngəllikdə 65 milyon il əvvəl planetmizdə yaşamış 50-dən çox iri heyvan məskunlaşıb. Kələzlər və sürünən heyvanlar bu sərgidə təbii ölçüdə təqdim olunub. Odur ki, onlar hərəkət edə, qanad çala və acgözlüklə dişlərini şaqqıldada bilirlər”.
Sərgidə habelə dinozavrların yaranması haqqında 3D kinoteatrı da fəaliyyət göstərir. Bu filmlərdə 4 milyard il əvvəl yaranan dinozavrlar haqqında ətraflə məlumatlar verilir.
“Bu, uşaqlara pis təsir edə bilər”
3D filminin nümayişinə gələn İradə xanım deyir ki, bu cür filmi uşaqlara göstərmək düzgün deyil: “Nəvəmi gətirmişəm ki, “dinozavrların şousu” –nu görsün. Sonra təşkilatçılar bizə 3D filminə baxmağa dəvət etdilər. Belə bir filmin uşaqlara göstərilməsini düzgün qiymətləndirmirəm. Çünki, dinozavrların yaranması halı qorxulu idi və bu, uşaqlara pis təsir edə bilər”.
Sərgidə nümayiş edilən Dino ilə interaktiv oyun zonası, gənc paleontoloqların qazıntılar aparacağı “arxeologiya zonası”nda uşaqların əylənməsi də diqqətşəkici məqamlardan idi.
Sərgi iştirakçısı Ayan “arxeologiya zonası”nın maraqlı olduğunu deyir.
Nəvəsini “Dinozavrların şousu”na gətirən İmran bəy biletlərin qiymətlərindən narazı idi: “Nəvəm televizorda “Dinozavrların şousu”nun keçiriləcəyi ilə bağlı reklamı görüb. Və bura gəlmək istədi. Mən də həftəsonu olduğu üçün nəvəmi sərgiyə gətirdim. Çox yaxşı sərgidir, amma qiymətlər heç də ürəyimcə olmadı”.
Qeyd edək ki, sərginin ərazisində kafe, suvenirlər mağazası fəaliyyət göstərir.
“Ağızı aşılmış” dinozavrla şəkil çəkdirmək üçün uşaqlar növbəyə düzülmüşdülər ki, bu da 5 manata başa gəlir.
Məlumat üçün bildirək ki, sərgi sentyabrın 18-dən oktyabrın 15-dək hər gün (saat 10:00-dan 20:00-dək) açıqdır. Biletləri sərginin girişində əldə etmək mümkündür. Biletlər həftəiçi uşaqlar üçün qrup halında 5, fərdi 7, böyüklər üçün isə 8 manatdır. Həftəsonunda isə uşaqlar 9, böyüklər isə 10 manata bilet əldə edərək sərgi ilə tanış ola bilərlər. Sərginin kassaları saat 19:00-dək işləyir. Təşkilatçılar "Bakı Ekspo Mərkəzi"nə pulsuz getmək üçün şərait yaradıblar. Hər 30 dəqiqədən bir metronun "Koroğlu" stansiyasından "Bakı Ekspo Mərkəzi"nə avtobuslar işləyirlər.
İlhamə Əbülfət
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.