22 Sentyabr 2014 22:15
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Umud Rəhimoğlu: “Azərbaycan regionda və dünyada sülhün bərqərar olmasının tərəfdarıdır”

“Dünya birliyi 22 sentyabr Beynəlxalq Sülh Gününü olduqca əhəmiyyətli bir gün kimi qeyd edir. Çünki bu gün silahlı qarşıdurmalarda iştirak edən bütün dövlətləri silahlarını yerə qoymağa və müharibəni dayandırmağa çağırış anlamını verir”. Beynəlxalq Avrasiya Mətbuat Fondunun informasiya departamentindən Teleqraf.com-a verilən məlumata görə bunu mətbuata açıqlamasında fondun rəhbəri, Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü, Qərbi Asiyanın 18 ölkəsi və konflikt bölgələri üzrə nümayəndəsi Umid Rəhimoğlu deyib. Onun sözlərinə görə, bu günü dünya ictimaiyyəti sülh günü kimi qeyd edir, lakin bu gün Ukraynada, Suriyada, İraqda, İsraildə, Fələstində qan axıdılır, günahsiz insanlar, uşaqlar qurban gedir: “Mən müharibənin insanlar üçün necə bir faciə olduğunun fərqindəyəm. Müharibə insan həyatında olduqca ağır iz qoyur. Mən Qarabağda doğulmuşam və Qarabağ faciəsini görmüşəm. Yaxınlarım bu faciəni yaşayıb və bu gün də yaşamaqdadır. Hesab edirəm ki, bir körpənin dodağındakı sevinc, güllələrin, topların, mərmilərin səbəb olduğu ağrılardan qiymətlidir və qiymətli olmalıdır. Biz ona görə də, sülhün bərqərar olmasına can atmalıyıq. Çünki bizim Qarabağ kimi böyük faciəmiz var. Məhz buna görə də, bu gün prezident İlham Əliyev regionda və dövlətdə sabitliyin qorunması məqsədi ilə sülh yoluna üstünlük verir. Çünki Azərbaycan xalqı müharibənin və onun səbəb olduğu faciələrin fərqindədir”.

U.Rəhimoğlu eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun da, BMT-nin xüsusi məşvərətçi statuslu üzvü kimi Beynəlxalq Sülh Bürosu ilə bu yöndə sıx əməkdaşlıq etdiyini vurğulayıb: “BAMF Beynəlxalq Sülh Bürosu ilə sıx əməkdaşlıq edir, tez-tez görüşür, regionda və konflikt bölgələrində mövcud prosesləri birlikdə müzakirə edirik. Dəfələrlə BSB-nin prezidenti Rayner Braun, Qadın və Sülh Mədəniyyəti Təşkilatının direktoru xanım İnqeborq Breynes və Beynəlxalq Sülh Bürosunun baş katibi cənab Kolin Arçerlə görüşlərimiz olub. Biz Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli ilə bağlı müzakirələr aparmışıq. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan regionda və dünyada sülhün bərqərar olmasının tərəfdarıdır. Məhz ona görə də, Azərbaycan bu gün işğal altında olan torpaqlarımızı məhz danışıqlar yolu ilə geri qaytarılmasına üstünlük verir. Hesab edirəm ki, Azərbaycan illərdir qaçqın və məcburi köçkünlərinə, işğal altında olan torpaqlarına baxmayaraq, məhz bu yolla Qarabağ münaqişəsini həll etmək istədiyini dünya birliyinə nümayiş etdirməklə, digər tərəfdən bununla müharibənin əleyhinə olduğunu sübuta yetirməkdədir”.

Qeyd edək ki, Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Planetin bütün insanları üçün çox vacib hesab edilən bu günün əsas mahiyyəti hər il bu ad altında yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, hər kəsi sülhə çağırmaqdır. Düz 33 il bundan əvvəl, 21 sentyabr 1981-ci ildə ağır faciə Şimali İrlandiyada ilə nəticələnən aclıq aksiyası baş verib. İrlandiyanın “Krumlin Road” həbsxanasının məhkumları insan hüquqları, demokratiya və azadlıq uğrunda kütləvi şəkildə aclıq aksiyasına başlayıblar və bu aksiya çox sayda insan tələfatı ilə nəticələnib. Beynəlxalq Sülh Gününü həmin günlə bağlayırlar.

Səxavət


Müəllif:

Oxşar xəbərlər