4 Yanvar 2020 15:11
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu göndərib.

Teleqraf.com-un xəbərinə görə təbrikdə deyilir:

"Hörmətli həmvətənlər! Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Azərbaycanda əsrlər boyu müxtəlif xalqların və konfessiyaların nümayəndələri mehriban qonşuluq, dostluq və qarşılıqlı etimad şəraitində yaşamışlar. Cəmiyyətdə etnik-mədəni müxtəlifliyin, multikultural ənənələrin və dözümlülük mühitinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Sivilizasiyalararası və dinlərarası dialoqun möhkəmlənməsinə önəmli töhfələr verən mötəbər tədbirlərin, o cümlədən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya dini liderlərinin II Bakı Sammitinin ölkəmizdə keçirilməsi beynəlxalq miqyasda sülhün, əmin-amanlığın və harmoniyanın bərqərar olunması işində Azərbaycanın mühüm rol oynadığını göstərir.

Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan xristianlar ölkəmizdə gedən böyük quruculuq işlərində və milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, Azərbaycanın tərəqqisi naminə bacarıq və səylərini əsirgəmirlər.

Əziz həmvətənlər!

Mübarək Milad bayramı yeni həyatı, dirçəlişi, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.

Bayramınız mübarək olsun!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər