Bu gün Müdafiə Nazirliyinin bir qrup hərbçisi iyulun 24-də plana uyğun olaraq gecə vaxtı MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günündə II Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.
Teleqraf.com xəbər verir ki, anım mərasimində Hərbi Hava Qüvvələrinin zabit və komandanlıq heyəti, pilotun ailəsi onun məzarına əklil qoyublar.
Təyyarəçi yoldaşı R.Atakişiyevin şücaətini yüksək qiymətləndirib:
“Rəşad həm müəllimimiz, həm də böyük qardaşımız idi. Bütün bildiklərini bizə öyrədirdi. Çox savadlı adam idi, daim öz üzərində çalışırdı. Heyfsilənirəm ki, bu gün elə bir hərbçi, elə bir insan aramızda yoxdur”.
R.Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli də qəhrəman pilotun həyatından danışıb.
Qeyd edək ki, Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. O, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olub.
Müdafiə Nazirliyinin məlumatına görə avqustun 19-da təyyarənin qara qutusu, avqustun 20-də pilotun nəşi tapılıb.
21 avqustda isə Rəşad Atakişiyevin nəşi II Fəxri Xiyabanda dəfn olunub.