İranda bütün dünyanı silkələyən çox ilginc olaylar baş verir. Avstraliyadakı yanğınlar dəhşətlidir və bütün bəşəriyyət üçün ağır fəsadları olacağı aydındır. Amma elə bu günlərdə öz ölkəmizdə - Azərbaycanda da ağrısı hər birimizə aid olan bir dəhşət yaşanır: Bir körpə balamız, 9 yaşlı Nərmin Tovuz rayonunun Donar Quşçu kəndində öncə yoxa çıxıb, sonra isə meyiti yandırılmış halda tapılıb.
Nə dərəcədə dəhşətli hadisədir, hiss edə bilirsiniz? O körpə qızcığaz cəmi 9 yaşındaydı. Ona qarşı ağlagəlməz cinayət baş verib. Təfərrüatlar barədə oxuduqca bu qəddarlığın, bu amansızlığın insanlığa aid olduğuna şübhələrim yaranır. Hansı əsrdəyik? Bir uşağa bu dəhşəti yaşatmaq hansı zehniyyətdir, hansı mənəviyyat, hansı ləyaqət, hansı kişilikdir? Məni üzən bir məqam da var: bizim 125 nəfər millət vəkilimiz var. Öncə özlərini buraxıb dərhal da peşman olan deputatlar - Qənirə Paşayeva xaric - niyə bu rüsvayçı olaya, bu sarsıntıya reaksiya vermir? Niyə susurlar? Sizin dairəniz deyil? Nərminin ailəsi sizin seçiciniz deyil? Uşaq qatilləri hamımız üçün təhkükədir axı! Niyə etirazınızı bildirmirsiz? Niyə uşaq cinayətləri ilə bağlı qanunvericiliyin müvafiq müddəalarının sərtləşdirilməsi üçün səsinizi çıxarmırsınız, müzakirə açmırsınız, niyə Tovuza getmirsiniz, niyə o körpənin yanmış cismindən, təhqir olunan ruhundan üzr istəmirsiniz?
Başınız seçkiyə qarışıb?
Axı Milli Məclisin qadın üzvləri də var. Axı onlar həm də anadırlar. Onlar hardadırlar? Millət vəkilliyi sadəcə mandat deyil. Heç deyil. Millət vəkilliyi - millətlə bərabər ağrımaqdır, insanların yarasını sarmaqdır, canı yananı bağrına basmaqdır. Millət vəkilliyi Nərminlə bərabər yanmaqdır!
Cənablar, xanımlar, səs edin, varlığınızı hiss etdirin, milləti hiss edin...