Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə cərimələr tətbiq olunacaq. İl ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə 3.000 manat, üç və daha çox hallarda isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Teleqraf.com-a danışıb.
Onun sözlərinə görə, yalnız POS-terminalların quraşdırılması deyil, POS- terminaldan istifadəyə nəzarətin gücləndirilməsi də vacibdir:
“Bununla bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzi uzun müddət Vergilər Nazirliyinə təkliflər təqdim edirdi. Çünki bəzi hallarda müştəri ödəniş edən zaman nağd vəsaiti olmur və kartla ödəniş etmək istəyir. Baxmayaraq ki, obyektin POS-terminalı var, amma həmin müəssisə kartla ödənişdən imtina edir. Bu istehlakçı hüquqları haqqında qanuna ziddir”.
Ekspert bildirib ki, POS- terminal istifadə dövriyyənin yayındırılmasına imkan vermir, buna görə də müəssisələr nağdsız ödənişdən boyun qaçırırlar: “Çox təəssüf ki, bəzi sahibkarlar vergidən yayınmaqda maraqlı olduqlarına görə POS- terminaldan istifadə etmirlər. Son illərin təcrübəsi göstərir ki, inzibati metodlardan istifadə edilməsinə ehtiyac var.
Məqsəd ondan ibarətdir ki, ictimai iaşə müəssisələri, o cümlədən, şadlıq saraylarında POS- terminaldan istifadə səviyyəsinin artırmaq mümkün olsun. Bu onların dövriyyəsinin leqallaşdırılması və dövriyənin vergiyə cəlb edilməsi baxımından çox vacibdir”.
Vüqar Bayramov hesab edir ki, Vergilər Məcəlləsinə edilən bu dəyişiklik büdcəyə daha çox vəsaitin gəlməsinə kömək olacaq: “İstehlakçı ödəniş vasitəsi kimi plastik kartdan hər hansı maneə olmadan istifadə etməlidir. Bu, gizli iqtisadi dövriyyənin azaldılması, iqtisadiyyatın leqallaşdırılması, həm də dövlət büdcəsinə daha çox vəsaitin daxil olması baxımından vacibdir”.