Puldan istifadə özü bir bacarıqdır. Digər sahələr kimi burada da uğurlu və ya uğursuz olmaq mümkündür. Hər şeydən əvvəl bilməliyik ki, düzgün yararlana bilməyəcəyimiz şey bizdən “istifadə edir”... Bəs bu “əl çirki”nin uşaqlarımıza bulaşmaması üçün nələrə diqqət yetirmək lazımdır?
Kliniki Psixoloq Nuriyyə Quliyeva Teleqraf.com-un suallarını cavablandırıb.
- Nuriyyə xanım, valideynlər övladlarına pul verərkən hansı məqamlara diqqət yetirməlidirlər?
- Valideyn ilk növbədə uşağa pulu nə üçün verdiyini izah etməlidir. Bunu xərclik və ya yığmaq üçün verdiyini başa salmalıdır. Uşaq xərcliyini erkən bitirərsə, valideyn ona yenidən pul verməməlidir. Təəssüf ki, bəzən valideynlər bu məsələdə iradəsiz olurlar.
- Bəs, uşaqları neçə yaşından pulla tanış etmək olar?
- Bu məsələ ilə bağlı xarici mütəxəssislər çoxsaylı tədqiqatlar aparıb, kitablar çap etdiriblər. Araşdırmaların nəticəsinə görə, uşağı 3-5 yaş aralıqlarında pulla tanış etmək lazımdır. Tədqiqatlar göstərir ki, erkən yaşlarında pulla tanış olan uşaqlar xərclərini daha sistemli şəkildə idarə edirlər.
Ölkəmizdə bunun 6 yaşdan tətbiq olunmasını tövsiyə edirəm. Məktəbə xərclərini özünün idarə edə bilməsi baxımından pulla tanış olmasının tərəfdarıyam.
- Yaş həddinə görə pulun miqdarı necə tənzimlənməlidir?
- Pulun miqdarının təyin olunmasında yaş faktoru özünü göstərir. Azyaşlı ilə yeniyetmənin xərcləri fərqli olduğu üçün pulun məbləği də fərqli olacaq. Uşaq böyüdükcə, 5-6-cı sinifdən etibarən xərcliyinə cüzi miqdarda artım etmək olar. Bu, valideynin büdcəsindən də asılıdır. Amma maddi vəziyyəti yaxşıdırsa, uşağa artıq pul verməli olduğu demək deyil. Məqsəd odur ki, uşaq xərclərinə görə pulu idarə etməyi öyrənsin. Uşağa çox pul verdikdə, istədiyi hər şeyi aldığımız zaman bu onun üçün dəyərsizləşir, arzularına çatmaq əziyyətsiz olur. Belə hallarda gələcəkdə istəklərinə dərhal nail olmadıqlarına görə mənəvi çətinliklə üzləşirlər.
- Uşaqlarda qənaət vərdişini necə formalaşdırmaq olar?
- Tövsiyə edərdim ki, evdə pul yığmaq üçün 3 daxıl ayırsınlar. Bunları xeyriyyə, gündəlik xərclər və hədəflər olaraq bölüşdürsünlər. Məsələn, oyuncaq almaq istəyirsə, hədəflər daxılına pul yığsın. Bu üsul sınanıb və hər zaman işə yarayır. Beləliklə, uşaqda ayırd etmə, həmçinin xeyriyyə vərdişləri formalaşır.
- Xərcliyi gündəlik, həftəlik, yoxsa aylıq olaraq vermək daha doğrudur?
- Pulu gündəlik , həftəlik və ya aylıq verməkdə yaş amilinin böyük rolu var. Azyaşlı uşaqda zaman, gözləmə anlayışı tam formalaşmayıb. Bu səbəbdən aylıq pul verildikdə uzunmüddətli gözləmə onlar üçün çətinlik yaradır. İbtidai sinif şagirdlərinə gündəlik və ya həftəlik xərcliyin verilməlidir. 12-13 yaşlı yeniyetmələrə xərcliyi aylıq vermək daha məqsədə uyğundur.
- Uşağa mükafat və ya hədiyyə kimi pul verilməsi doğrudurmu?
- Bellə hallar dərsini yaxşı oxuması üçün valideynlər tərəfindən baş verir. Amma pulun hədiyyə və ya mükafat kimi verilməsi doğru deyil. Bu, uşaqda rüşvətə meyillilik yaradır və vərdiş halını alır. Beləliklə, uşaq şərtlər qoyaraq ondan tələb olunanı icra edir.
- Valideynin cəza olaraq uşağın xərcliyini kəsməsi düzgündürmü?
- Uşağı pulla cəzalandırmaq da doğru deyil. Bəzən valideynlər uşaq pulunu düzgün xərcləmədikdə və ya başqa səbəblərdən onun xərcliyini kəsirlər. Əgər evdə qırdığı nəsə olarsa, xərcliyindən kəsərək həmin əşyanın bir dəyəri olduğunu izah edə bilər.