Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə birgə “Ailə, məktəb və cəmiyyət” adlı layihəsi çərçivəsində Bakı şəhərinin orta məktəblərində tədbirlər davam etdirilir.
Layihə çərçivəsində növbəti tədbir Nərimanov rayonunda yerləşən 45 saylı orta məktəbdə rayonun məktəb, lisey psixoloqlarının iştirakı ilə keçirilib.
Teleqraf.com xəbər verir ki, Komitənin “Ailə Problemləri” şöbəsinin müdir müavini Kamila Əliyeva bildirib ki, bu cür maarifləndirmə layihələrin orta məktəblərində keçirilməsinin əsas məqsədinin valideyn-məktəb-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin, məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək, məktəb psixoloqlarının işinin gücləndirilmək və daha səmərəli təşkil etməkdir.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəlliməsi, psixoloq Vəfa Kərimova müasir dövrdə məktəb psixoloqlarının üzərinə böyük öhdəliklərin düşdüyünü, bu peşənin məsuliyyətli həmçinin çox vacib olduğunu qeyd edib.
Tədbir iştirakçılarına ailənin psixoloji iqliminə təsir edən amillər (ailədaxili münasibətlərin və ailə zorakılığının uşaqların təlim fəaliyyətinə, davranışına, psixoloji durumuna təsiri, ailədə yaranan problemlər və onların həlli yolları), valideyn-məktəb-şagird münasibətlərinin qarşılıqlı əlaqəsinin düzgün qurulması mövzuları haqqında geniş məlumat verildikdən və slayd şou vasitəsi ilə təqdimat edildikdən sonra müzakirələr aparılıb.
Sonda qonaqlara Komitə tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri təqdim edilib.
İlhamə