Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev qısa vaxtda yenidən əməliyyat olunacaq.
Teleqraf.com-un məlumatına görə, İstanbulun Amerikan Xəstəxanasında Oqtay Gülalıyevin üzərində aparılan təkrar müayinələr zamanı onun beynində kəskin maye yığılması aşkarlanıb. Həkimlərin tövsiyəsi və ailəsinin razılığı ilə sabah Oqtay Gülalıyevin əməliyyat olunacağı gözlənilir.
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçiriləcək əməliyyat zamanı xəstənin beynində maye yığılmasına qarşı şunt əməliyyatı aparılacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.