Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Türkiyə Səhiyyə Nazirliyini hərəkətə keçirib.
Azərbaycan Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsir edici maddə tərkibli Dormofol 1%-li intravenoz inyeksiya və Dormofol 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb.
İlkin araşdırmalara görə dərman vasitələrinin keyfiyyət problemindən şübhə edilir.
Nazirlik əhalinin və tibb işçilərinin nəzərinə çatdırır ki, həmin dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatına alınmayıb və ölkəyə idxal olunmayıb.
Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir.