Qüdrət Həsənquliyev: “Bunun vacibliyi din xadimlərinin diqqətinə çatdırılmalı və bu “Dini etiqad azadlığı haqqında” Qanunda imperativ norma kimi öz əksini tapmalıdır”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi
- Qüdrət bəy Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar Azərbaycanda aparılan müzakirələrdən hansı nəticələri çıxarmaq olar?
- Nə qədər üzücü olsa da deməliyik ki, bir qism inanclı insanlara kənar təsirlər güclüdür və bu dövlətçiliyimiz üçün ciddi təhlükə yaradır. Vəziyyəti dəyişmək üçün dəfələrlə təkliflərlə çıxış etmişik ki, dini maarifçiliyi gücləndirmək məqsədlə maraqlı seriallar çəkilməli və TV-lərdə nümayiş etdirilməlidir. Hüzr yerlərində “Quran”dan surələr və ayələr Azərbaycan dilində oxunmalı, dini ayinlər öz dilimizdə icra olunmalıdır. Mollalar maarifçiliklə məşğul olmalı, dinimizdə qadın hüquqlarına, təhsilə, xeyriyyəçiliyə, halal yaşamağa, vətənpərvərliyə, böyüklərə ehtiram göstərilməsinə, ədalətli olmağa və s. ali dəyərlərə verilən yüksək qiymətdən bəhs etməlidirlər. Bu məqsəd üçün xüsusi kitabçaların kütləvi nəşri təmin edilməli və mollalardan tələb olunmalıdır ki, yalnız tövsiyyə olunan mövzularda moizələr oxusunlar. Xüsusilə də “Quran” dirilər üçün nazil olduğuna görə O, Azərbaycan dilində oxunmalıdır ki, insanlar başa düşsünlər. Bəzi mollaları cəhalətin onların maraqlarına cavab verməsi düşüncəsindən uzaqlaşdırmaq lazımdır. İzah olunmalıdır ki, ərəb dilində hətta ərəblərin başa düşmədiyi tələffüzlə “Quran”ın oxunması onları savadlı göstərmir, günaha batırır. Bir sözlə, cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir. Bunun vacibliyi din xadimlərinin diqqətinə çatdırılmalı və bu “Dini etiqad azadlığı haqqında” Qanunda imperativ norma kimi öz əksini tapmalıdır. Şükrlər olsun ki, “Quran” artıq dilimizə də tərcümə olunub və onun da tələbi odur ki, insanlar avaza qulaq asmayıb Allahın kəlamlarını başa düşsünlər. Konstitusiyamıza görə din dövlətdən ayrı olduğu üçün din xadimlərinin siyasətlə məşğul olması cinayət - hüquqi qaydada təqib olunmalıdır. Siyasətlə məşğul olub xarici mollaların əlini öpən “dindarlara” insan hüquqlarını müdafiə edirik pərdəsi altında, əslində isə nəyinsə xatirinə siyasi legitimlik qazandırmaq istəyən nadanlara və siyasi dələduzlara bir daha üzümü tutub deyirəm ki, bunun acısını siz, uşaqlarınız, həm də xalqımız çəkəcək.
- Qüdrət bəy Rusiyada artıq elan olunmuş Konstitusiya islahatlarına münasibətiniz necədir?
- Çox yaxşı. Biz böyük qonşularımız olan İranda və Rusiyada demokratiyanın inkişafında maraqlı olmalıyıq. Demokratik dövlətlərlə əhatə olunmuş Azərbaycan daha təhlükəsiz yaşayacaq. Ümid edirəm ki, ölkəmizdə başladılmış islahatlar iqtisadiyyatda müsbət nəticələrini verdikcə siyasi sistemimizi də əhatə edəcək. Ölkəmizdə hakimiyyət bölgüsü real məzmun kəsb edəcək, güclü çoxpartiyalı siyasi sistem formalaşacaqdır.
- Artıq Milli Məclisə seçkilər üzrə təbliğat kompaniyasına başlanılıb.Neçə namizədlə seçkilərə qatılırsınız?
- 32 namizəd irəli sürsək də onlardan bəziləri geri çəkildi, bəzilərinin isə sənədləri qaydasında olmadığı üçün qeydə alınmadı. Hazırda 16 dairədə namizədlərimiz qeydə alınıb. Namizədlərimizin sayının azlığı gücümüzü səfərbər etməyə və daha effektli seçki kompaniyası aparmağımıza imkan verəcək. Öz namizədlərimizin olmadığı dairələrdə isə digər müxalifət partiyaları ilə qarşılıqlı dəstək əsasınada onların namizədlərini müdafiə edəcəyik. Çünki parlamentdə sağlam və güclü müxalifət fraksiyasına böyük ehtiyac var. (Xalq cəbhəsi)