Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
Teleqraf.com xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov açıb. Əvvəlcə komissiyanın 9 yanvar tarixli iclas protokolu təsdiqlənib.
Daha sonra MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə olunub.
Məsələ barədə məlumat verən MSK üzvü Qabil Orucov bildirib ki, seçkiqabağı təşviqatın aparılmasında qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət etmək məqsədi ilə yaradılmış Mətbuat qrupunun fəaliyyətinin daha da təkmilləşdirilərək günün tələblərinə cavab verəcək standartlara uyğun fəaliyyət göstərməsi üçün həmin qrupun tərkibində müvafiq dəyişiklik edilməsi zərurəti yaranıb.
Q.Orucov bununla bağlı hazırlanmış qərar layihəsini oxuyub. Layihədə təklif olunub ki, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibindən "ANS" media və yayım şirkəti, “Space” Müstəqil Teleradio Şirkəti, "Olaylar" İnformasiya Agentliyi, "Kaspi" qəzeti və “Gündəlik Teleqraf” qəzetinin nümayəndələri çıxarılsın.
Mətbuat qrupunun tərkibinə "REAL" Təhlil və İnformasiya Mərkəzi, "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyası, "Report" İnformasiya Agentliyi, “Gündəlik Teleqraf” MMC-nin və Azərbaycan Mətbuat Şurasının nümayəndələri daxil edilsin.
Qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul edilib.