Çində yayılan koronavirusun indiyədək aşkar edilməmiş növünün (2019-nCoV) səbəb olduğu sətəlcəm xəstəliyindən ölənlərin sayı 4-ə çatıb.
Teleqraf.com xəbər verir ki, virusun yayıldığı Uxan şəhərinin səhiyyə komissiyası koronavirusa yoluxduğu yanvarın 18-də aşkar edilmiş 89 yaşlı Çen soyadlı kişinin öldüyünü təsdiqləyib.
İndiyədək Çinin Uxan, Pekin, Şanxay şəhərlərində və Quandun vilayətində, ümumilikdə 224 nəfərin yeni virusa yoluxması təsdiqlənib. Onlar arasında 15 tibb işçisi də var. Virusa yoluxanlardan 44 nəfərinin vəziyyəti ağır və çox ağır qiymətləndirilir. Çin Milli Səhiyyə Komissiyasının yüksək səviyyəli ekspertlər qrupunun yanvarın 20-də yaydığı açıqlamada 2019-nCoV-un insandan insana keçməsi faktı təsdiqlənib. Elə tibb işçilərinin də xəstələrlə yaxın ünsiyyət nəticəsində koronavirusa yoluxduğu ehtimal olunur. Tailandda iki, Cənubi Koreyada və Yaponiyada isə bir nəfərin bu virusa yoluxduğu təsdiqlənib. Onların hamısı Çinin Uxan şəhərindən səyahət edənlərdir.
Mütəxəssislər Şərq ölkələrinin ay təqvimi ilə qeyd olunan Yeni il bayramı ərəfəsində Çində səyahətlərin çoxalmasını nəzərə alaraq, virusun daha çox yayılmasını istisna etmirlər.
Qeyd edək ki, ötən il dekabrın son günlərində Uxanda səbəbi bilinməyən sətəlcəm xəstəliyi yayılmağa başlayıb. Həkim və mütəxəssislərin araşdırmaları nəticəsində sətəlcəmə koronavirusun indiyədək bilinməyən növünün səbəb olduğu müəyyənləşib. İlkin mərhələdə xəstəliyə əsasən şəhərdəki dəniz məhsulları və heyvan orqanlarının satıldığı bazarda çalışan və ora tez-tez baş çəkənlərin yoluxduğu məlum olmuşdu. Həmin bazar dezinfeksiya edilib və fəaliyyətinə müvəqqəti qadağa qoyulub.
Hazırda Çin hökuməti virusla mübarizə üçün qüvvələri səfərbər edib. Bununla bağlı Çin Xalq Respublikasının Sədri Si Cinpinin göstərişi də var. Uxanda koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyi ilə əlaqədar xüsusi qərargah yaradılıb. Şəhərin dəmir yolu və avtobus vağzallarında, hava limanında virusa yoluxma ehtimalını müəyyən etmək üçün sərnişinlərin bədən temperaturlarının ölçülməsinə və müayinələrin aparılmasına başlanılıb. Əhaliyə xəstəlikdən qorunmaq üçün tövsiyələr verilib. Bundan başqa, Uxanda ev heyvanlarından və vəhşi heyvanlardan nümunələr götürülür.
Dünya Səhiyyə Təşkilatı xəstəliyin baş qaldırdığı Uxan şəhərinə səfər edərkən kəskin respirator xəstəlik riskini bir sıra vasitələrlə azaltmağı məqsədəuyğun hesab edir. Bunun üçün kəskin respirator xəstəliklərindən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra əlləri mütəmadi yumaq, canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək, kəskin respirator infeksiyasının simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamaq, öskürərkən və asqırarkən ağzı birdəfəlik istifadə üçün dəsmalla bağlamaq, əlləri yumaq lazımdır.