“Forbes” jurnalı “Rusiyada daşınmaz əmlak kralları”nın reytinq cədvəlini tərtib edib.
Teleqraf.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, reytinq cədvəlinə daşınmaz əmlakdan ən çox gəlir əldə edən 30 iri kompaniya daxildir.
Birinci yerdə yenə də Qod Nisanov və Zarah İliyevin başçılıq etdikləri “Kiyev meydanı” kompaniyası dayanıb. Belə ki, 2019-cu ildə şirkətin icarədən əldə etdiyi gəlir 1,6 milyard dollar təşkil edib.
İlk onluğa aşağıdakı şirkətlər daxilldir:
Samvel Karapetyanın “Taşir” qrupu (655 milyon dollar),
Mixail və Sait-Salam Qutseriyevlərin “Safmar” qrupu (580 milyon dollar),
Ingka Centres (əvvəlki IKEA Centres) – Stichting INGKA Foundation (510 milyon dollar),
Aleksandr Klyaçinin “Gleden Invest” kompaniyası (380 milyon dollar),
Araz Ağalarova məxsus “Crocus Group” (370 milyon dollar),
Şarık Tara ailəsinin “Enka” şirkəti (340 milyon dollar),
Valeri Mixaylov və Pavel Vaşenkonun “O1 Properties” kompaniyası (305 milyon dollar),
Aleksey və Yuri Xotinin “Kompleks investisiya” şirkəti (280 milyon dollar),
Əmiran Mutsoyev, Əlixan Mutsoyev və Əmirxan Morinin “Regionlar” (240 milyon dollar) qrupu.
Siyahıda iki yeni şirkət var. Bunlar Arsen Kanokovun “Sindika” (95 milyon dollar) və Vladimir Leşikovun “Slavyan dünyası” (85 milyon dollar) kompaniyalarıdır. Həmçinin, “Eastern Property Holding” (65 milyon dollar) də siyahıya qayıdıb.
Xatırladaq ki, bir il əvvəl də “Rusiyada daşınmaz əmlak kralları”nın reytinq cədvəlinə “Kiyev meydanı”nın sahibləri Qod Nisanov və Zarah İliyev başçılıq edirdi. Onların icarədən əldə etdikləri gəlir 1,5 milyard dollardan çox idi. “İngka Centres” 865 milyon dollar illik icarə gəliri ilə ikinci, Samvel Karapetyanın “Taşir” qrupu 670 milyon dollarla üçüncü yerdə qərarlaşmışdı.
Qod Nisanov 1972-ci, Zarah İliyev isə 1966-cı ildə Quba rayonundakı Qırmızı qəsəbədə anadan olub. Qod Nisanov “Kiyev meydanı” kompaniyasının direktorlar şurasının sədri, Zarah İliyev isə şirkətin ortağıdır.