“Xəstəlik törədən viruslar 200-dən artıqdır, koronavirus da onlardan biridir. Bu virusun 37-dən artıq növü var. Əksəriyyəti yoluxma zamanı yüngül formada keçə bilir. Mövsümi olaraq rast gəlinən resperator virus infeksiyalarının 4-9 faizi koronovirusun payına düşür”.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Baş infeksionistin sözlərinə görə, virusun ölkəmizdə yayılma ehtimalı yoxdur: “Virusun yeni yayılma dövrüdür, Çində lokallaşdırılaraq qarşısı alınacaq. Vətəndaşlarımız Çinə səyahət edirlər, bu zaman yayılan virusu nəzərə almalıdırlar.
Virus ilk olaraq bir vilayətdə yayılmışdı, hazırda Çinin bir neçə şəhərinə də yayılıb. Ora gedən kəslər mövsümü xəstəlik əlamətləri olan insanlarla təmasdan qaçmalı, insanların kütləvi toplaşdığı mühitdən uzaq qalmalıdırlar. Maskadan istifadə mütləqdir, koronavirus daşıyıcıları ilə sıx təmasda olmadıqda yoluxma ehtimalı zəifdir”.
Həkim bildirib ki, xəstəliyə yoluxmada qidalar da önəmli rola malikdir: “İnsanların qaynadılmış, tam bişirilmiş qidalara üstünlük vermələri tövsiyə olunur. Yarı bişmiş qidalardan istifadə etmək olmaz. Əlləri tam yumaq lazımdır”.
Cəlal İsayev qeyd edib ki, virusun yayılmasının qarşısını almaq üçün xaricdən gələn turistlər yoxlamadan keçirilməlidir: “Hərarəti, zökəm əlaməti olan insanlar yoxlanılmalıdır. Hazırda yayılan beta koronovirusudur. Buna qarşı immunitet üçün peyvənd hazırlığı işləri hələ başa çatmayıb. Çox güman ki, onlara qarşı tədbirlər sistemi hazırlanıb həyata keçiriləcək. Hər hansı şübhəli xəstə olarsa, hərarətlərini ölçüb, onu izoliyasiya edəcəyik”.
Həkimin sözlərinə görə, koronavirus qripdən fərqli olaraq çox sıx təmas vasitəsilə yoluxur: “Ağızdan daxil olaraq mədə-bağırsaqda kliniki pozğunluğuna səbəb olur. Resperator yolla daxil olduqda isə adətən ağciyərləri zədələyir və getdikcə sıradan çıxmasına səbəb olur. Tənəffüs çatışmamazlığı baş verir və xəstənin ölümünə gətirib çıxara bilir. Təbii ki, təhlükəsi var, amma ölüm faizi o qədər də yüksək deyil. Bununla bərabər insanlar özlərini gözləməli, vaxtında həkimə müraciət etməlidirlər”.
Cəlal İsayevin sözlərinə görə, ölkədə virusa yoluxanların sayında azalma müşahidə olunur: “Hazırda bizim şöbədə resperator virus infeksiyalarından yatan adam yoxdur, stabilləşmə var. Dekabr ayı ilə müqayisədə bu ay yoluxucu xəstəliklərlə bağlı müraciət edənlərin sayı azalıb. 2-3 nəfər xəstəmiz var ki, onlar şübhəli xəstələrdir.”