Türkiyənin Ədirnə şəhərində şüşə sənətçisi Nurcan Abacı bakalavr və magistr dərəcəsi ilə inkişaf etdirdiyi sənəti üzrə şəhərdə kurs açıb.
Teleqraf.com xəbər verir ki, Xalq Təhsil Mərkəzinin dəstəyi ilə açılan şüşə emal kursu sayəsində insanlar səbrli olmağı və yeni vərdişlər qavramağı öyrəniblər.
Nurcan Abacının sözlərinə görə, kursda 24 tələbə var: “Aşağı temperaturda, tez əriyən şüşələrlə işləyirik. Hazırda muncuq hazırlayırıq. Gələcəkdə lazımı avadanlıqları alıb, işimizi böyüdəcəyik”.
Nurcan Abacı şüşə ilə işləməyi meditasiaya bənzədir: “Meditasiyada bir fikir üzərində dayanmalısan və vaxt sərf etməlisən. Bizim işdə də şüşəyə diqqət yetirməlisən Bu, işləyən insana həm səbr, həm də estetik qavrayış verir, diqqəti artırır”.
Kursun tələbələrindən olan İlgım Yılmaz stresli bir sahədə çalışdığını və şüşə sənəti ilə məşğul olmaqla rahatlıq tapdığını deyib: “Daha əvvəl İstanbulda çox stressli bir işdə işləyirdim. Məni sosial və psixoloji cəhətdən məmnun edəcək hobbi axtarırdım. Nurcan müəllimimizlə işləmək məni çox məmnun etdi”.
Adviye Şahin kurs sayəsində stressdən azad olduqlarını deyib: “Şüşə ilə ilk tanışlığım Eskişehirdə dostumla görüşəndə şüşə muzeyində oldu. Sonradan belə bir kursun Ədirnədə açılması diqqətimi çəkdi”.