27 Yanvar 12:09
260

"Hazırda Çində ümumilikdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Dövlət xətti ilə təhsil alan tələblərin sayı 62-dir. Koronavirusun yayıldığı bölgələrdə isə 7 tələbəmiz var".

Bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, karantin bölgəsində tələbələrin təxliyəsi və onların vəziyyəti ilə bağlı Təhsil Nazirliyi Azərbaycanın Xarici İşlər Nazirliyi və Çindəki Azərbaycan Səfirliyi ilə daim əlaqə saxlayır.

Nazir bildirib ki, həmin tələbələrlə səfirlik vasitəsilə əlaqə saxlanılır: "Bizdə olan məlumata görə, 50-dən artıq ölkə öz vətəndaşlarını oradan çıxarmaq üçün Çinə müraciət edib. Bizim də Xarici İşlər Nazirliyindən əldə etdiyimiz məlumata əsasən, bu gün Çin Xarici İşlər Nazirliyində iclas olacaq. Ondan sonra açıqlama olacaq ki, Çin tərəfi hansı növbəti addımları atmağı planlaşdırır. Buna dair açıqlama olduqdan sonra növbəti addımlar atılacaq. Biz bu məsələni daim diqqətdə saxlayırıq"./Report/


Müəllif: Teleqraf.com