29 Yanvar 2020 16:49
2 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sağlam və təmiz mühitdə yaşamaq insanın ən əsas hüquqlarından biridir. Təəssüf ki, əhali sayının sürətlə artımı, təbii sərvətlərin doğru istismar edilməməsi, planlaşdırılmamış sənayeləşmə kimi amillər ətraf mühitin çirklənməsinə səbəb olur və insanı əsas hüquqlarından məhrum edir. Ətrafdakı çirklənmə nəinki insana, yer üzündəki bütün canlıların həyatına təhlükə yaradır.

Ətraf mühit keçmişdən miras deyil, qorunub saxlanmalı və gələcək nəsillərə verilməli olan ən dəyərli bir əmanətdir. Ətraf mühitin çirklənməsi, yer üzündə yaşayan canlı və cansız varlıqlara mənfi təsir göstərən və strukturun pisləşməsinə səbəb olan hadisələri əhatə edir. Canlı və cansız varlıqların birbaşa olaraq qarşılıqlı əlaqədə olduğu ətraf mühit keyfiyyətlərini aşağı salan xarici maddələrin havaya, suya və torpağa qarışması ətraf mühitin çirklənməsinə səbəb olur.

İnsanlar əsasən, kənd təsərrüfatı və sənaye işlərinə başladıqdan sonra ətraf mühitə təsir göstərdilər, ancaq ətraf mühitin çirklənməsi ilə bağlı problemlər əsasən sənayeləşmə yolu ilə ortaya çıxdı. Ətraf mühitin çirklənməsi yalnız müəyyən növ heyvan və bitkilərə deyil, bütün canlıların həyatına təhlükə yaradır. Əvvəlcə ətraf mühitin qorunması şüurlu şəkildə nəm verilmədən davamlı inkişafa əsaslanan siyasət aparılmışdır.

İkinci Dünya Müharibəsindən sonrakı illərdə iqtisadiyyatın canlandığı müddətdə ekoloji problemlərə maraq artdı. 1960-1970-ci illərdə ətraf mühitin çirklənməsi problemləri siyasətə daxil edilməyə başladı. Bir çox sənayeləşmiş inkişaf etmiş ölkələr ətraf mühitin çirklənməsini azaltmaq üçün səy göstərdilər, lakin buda tutarlı bir ekoloji siyasət olmadı.

Ətraf mühitin çirklənməsi səbəbindən 17-ci əsrdən bəri ən azı 112 məməli və 94 quş növü Qırmızı kitaba salınıb. Bir çox heyvan növü isə ətraf mühitin çirklənməsi azalmasa, nəsli kəsilmə riski ilə üz-üzədir. İnsanların fiziki və psixoloji vəziyyətinə mənfi təsir göstərən ətraf mühitin çirklənməsinin qarşısı alınmazsa, bəşəriyyət məhvi qaçılmaz olacaq.

Buna görə də ekologiya sahəsində olan bütün hökumət və qeyri-hökümət təşkilatları ekoloji maarifləndirməni mütəmadi olaraq diqqət mərkəzində tutaraq bu yönümdə tədbirlər və çıxışları silsilə şəkilində həyata keçirməlidir.

Son olaraq qeyd etmək istərdim ki, hər hansı bir bölgədən ekoloji vəziyyət haqqında hər hansı bir paylaşım edəndə , rəylərdə “öz təbiətimizin vəziyyəti qalıb, Avstraliya haqqında və ya digər bölgə haqqında yazılar paylaşılır” kimi yanaşmalara rast gəlirəm. Ətraf mühit problemlərinə bölgə olaraq deyil, kompleks şəkildə yanaşmalıyıq. Çünki nəfəs aldığımız havanın da, içdiyimiz suyun da mənbəyi birdir.

Talıb Bağırlı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər