Bu gün Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin doğum günüdür. M.Rəsulzadə ömrünün son illərində Ankarada milli kitabxanada çalışıb.
Teleqraf.com 1948-1959-cu illərdə milli kitabxanada mütəxəssis olaraq çalışan Məhərrəm Mercanlıgilin iş yoldaşı M.Rəsulzadə haqqında yazdığı xatirəni təqdim edir:
***
M.D.Mercanlıgil
Məhəmmədəmin Rəsulzadə
Məhəmmədəmin Rəsulzadəni itirdik. Bu itki üç ildən bəri onu yaxından tanımaq imkanını əldə etmiş türk kitabxanaçılarını və Türk Kitabxanaçılar Dərnəyini çox kədərləndirib. Rəsulzadə 71 yaşında hər faniyə nəsib olmayan bir vücud sağlamlığına və enerjiyə malikdi. Daha çox yaşayacağına və xidmətlərinə davam edəcəyinə ümid edirdik. Rəsulzadənin ölümü bizim üçün gözlənilməz bir itki oldu.
Milli Kitabxanada çalışdığı üç il ərzində Rəsulzadəni daha çox mütəfəkkir olaraq tanıdıq. Yaxşı niyyəti, çalışqanlığı və təvazökarlığı onunla bir dam altında və bir otaqda çalışmağa nail olanların ən çox diqqətini çəkən vəsflər olub. Mütənasib və heybətli bir vücudda xəfif önə əyilmiş başı daim düşünər, gülən və zəka ilə parıldayan gözləri arabir kağız və kitablar üzərindən qalxıb uzaqlara gedərdi. O anlarda özü ilə danışmağı fürsət sayar, hər hansı bir müşkülümüz haqqında verdiyi izahatı dinləyərdik. Xəfif azəri ləhcəsinə çalan şirin bir şivə ilə etdiyi söhbətlərdən doymaq olmazdı.
İki ilə yaxın bir zamandan bəri azəri ləhcəsi ilə yazılmış kitabların siyahısını çıxarmaqla məşğuldu. Hazırladığı kartoçkaların Milli Kitabxanada tətbiq edilən təsnifata uyğun olması üçün ciddi şəkildə çalışır, yeni əsərlər tapdıqca sevinirdi. “Azəri Türk Biblioqrafiyası” və ya “Azərbaycan Biblioqrafiyası” onun son əsəri olacaqdı. Qısa bir xəstəlikdən sonra 6 mart 1955-ci il bazar günü əsərlərinin və ideallarının tamamlanmasını və həyata keçirilməsini gənc nəsillərə buraxaraq, bu dünyadan ayrıldı.
Məhəmmədəmin Rəsulzadə 31 yanvar 1884-də Bakıda doğulub. Ruhani sinfinə mənsub bir ailədəndi. Atası Hacı Molla Ələkbər Rəsulzadə, anası Zal qızı Zinyətdir. Milli tərbiyə və təhsilini ailəsinin yanında alıb. Bir müddət Bakı Texniki Məktəbinə yazılsa da, ictimai və siyasi hadisələr onu özünə çəkib, yazı və siyasət həyatına atılıb.
Məhəmmədəmin Rəsulzadənin siyasi fəaliyyət ilə mühərrirlik həyatına başlaması 1903-cü ildə Tiflisdə Məhəmmədağa Şahtaxtlının nəşr etdiyi “Şərqi-Rus” qəzetində yazdığı bir yazı ilə başlayıb. Bu başlanğıca aid bir xatirəsini şəxsən öz dilindən eşitmişdim. Sonradan nəzər yetirdiyi və təfərrüata aid bəzi qismlərini şəxsən düzəltdiyi bu xatirəni eynilə nəql edirəm:
“Bakıda 1903-cü ilin baharındayıq. Qaladibi parkının xiyabanlarında dolaşan gənclərlə birlikdəyəm. Hamısı rusca danışır. Ana dili olan türkcə yerinə, pozuq da olsa, rusca tərcih edilirdi. Bu mövzunu ələ alaraq rusca danışanları eyibləyən bir məqalə yazdım və Tiflisdə çıxan “Şərqi-Rus” qəzetinə göndərdim. Mövzunun qəzetin adına və qayəsinə uyğun olmadığını düşünmədən günlərlə Tiflis poçtunu gözlədim. Təqdir və təşviq edilərək, bu yazının “Bakıdan məktub” başlığı ilə dərc edildiyini görüncə keçirdiyim sevinci tərif edə bilmərəm. Bu sevinci ilk yazısı dərc olunanlar yaxşı bilirlər. Bu günə qədər davam edən mücadiləmin başlanğıcı və çıxış nöqtəsi bu məqalə olub. Etiraf edirəm ki, başlanğıcda milliyyətçi olmaqdan ziyadə hürriyyətçi idim. Bu səbəblə çarlıqla mücadilə edən təşəkküllərin ən radikallarını dəstəklədim. Evimizin küçəyə ayrı bir qapısı olan otağında dostlarla yığışardıq. Otaqdakı kitabxanadan faydalanar, türk dili ilə bağlı çalışar, çarlıq əleyhində danışar və hürriyyət məsələlərini münaqişə edərdik. Yazı və bəyannamələr yazar, çoxaldar və paylayardıq. Şapiroqrafla çoxaltdığım bu yazılar sonradan qəzetə çevrildi. Xoşuma gələn “Hümmətül rical taklauc cibal” sözündəki “hümmət”i bu qəzetə ad olaraq qoydum. İstibdad əleyhinəi bu çalışmalarımda açıq bir milliyyətçilik yox idisə də, milliyyətçiliyə və istiqlalçılığa doğru gedən bir istibdad düşmənliyi vardı. Çarlıq əleyhinə fikirlərimi ehtiva edən “Hümmət” bir gün atamın əlinə keçir. Yazımı tanıyır... Məni sorğu-suala tutdu. Ona “bu, bir yazıdır, sadəcə oxunmaq üçün payladım, bomba da ola bilərdi və o zaman gərəkli yerlərə atardım” dedim. Gözləmədiyi bu cavab atamı çox hiddətləndirdi. Buna baxmayaraq, çox üstündə dayanmadı. Məni inandığım bir yolda, daşıdığım fikirlərlə başbaşa buraxdı.
Çarlıq devrildi. Hürriyyət hərəkatları irəlilədi. Türk məktəbləri açıldı. Yazı və sözə daha sərbəst hərəkət etmək imkanı hasil oldu. Milliyyət məsələləri də yazıldı və münaqişə edildi. Daşımaqda olduğum hürriyyətçilik fikri “insanlara hürriyyət, millətlərə istiqlal” şəklində təkamül etdi. Və bu fikir, günümüzə qədər davam edən çalışmalarımın qayəsi və xülasəsi oldu...”
Çarlıq dövründə Azərbaycanda nəşr olunan milliyyətçi qəzet və dərgilərdə olduğu kimi çarlığın devrilməsindən sonra Türkiyədə çıxıb Azərbaycan davasını aparan “Yeni Kafkasya”, “Azəri Türk” kimi dərgilərdə və Qərb ölkələrində nəşr edilən Azərbaycan orqanlarının, demək olar, hamısında Məhəmmədəmin Rəsulzadənin yazılarını görmək mümkündür. Ayrıca türk, polyak və alman dillərində qələmə alınmış müxtəlif risalə və kitabları vardır. Bunların ən yenisi 1951-ci ildə Maarif Nazirliyinin nəşr etdiyi “Azərbaycan şairi Nizami”dir.
M.Rəsulzadə dərgi və kitablarda yarım əsr yazı ilə davam etdirdiyi mücadiləsini Azərbaycanı düşmən istilasından qurtarmaq için qurulmuş olan milli cəmiyyətlərdəki fəaliyyətləri ilə də əməli olaraq dəstəkləyib. Bu arada azərbaycanlı gənclərin 1905-ci ildə çarlığa qarşı qurduqları bir cəmiyyətin liderliyini də üzərinə götürüb. Bu təşəkkülün nümayəndəsi qismində 1908-1910-cu illərdə İrandakı məşrutiyyyət hərəkatına qatıldı. Fəqət rusların İran üzərindəki təzyiqləri nəticəsində M.Rəsulzadə bu fəaliyyətlərindən dolayı İran sərhədlərindən kənara çıxarılıb. Onu 1911-ci ildə İstanbulda görürük. Rəsulzadə o ərəfələrdə ən məhsuldar fəaliyyət dövründə olan Türk Ocaqlarının çalışmalarına qatılıb, “Türk yurdu” jurnalında yazılar yazıb. 1913-cü ildə Romanovlar sülaləsinin 300-cü ildönümü münasibətilə elan edilən ümumi əfvdən faydalanaraq M.Rəsulzadə yenidən Bakıya qayıdıb. Bir yandan mətbuatda, digər tərəfdən milli cəmiyyətlərdə atəşin fəaliyyətlər göstərməyə başlayıb. Fəqət bu hərəkətlərindən dolay tutularaq həbs edilib.
1917-ci ildə Azərbaycan Müsavat Partiyasının ilk böyük qurultayında ittifaqla partiyanın lideri seçilib. Artıq M.Rəsulzadənin çalışmaları ən atəşin mərhələsinə daxil olub. Eyni il Bakıda toplanan Qafqaz İslam Qurultayında Qafqazın həm siyasi, həm də coğrafi baxımdan Rusiyadan ayrılması, bu arada Azərbaycanın da özü-özünü idarə etməsi tezisini müdafiə edib. Yenə o il Moskvada toplanan bir qurultayda Rusiyanın milli-coğrafi muxtariyyətli bölgələrə bölünməsi fikrini müdafiə edib. Bu fəaliyyət və mücadilələr M.Rəsulzadəni Azərbaycanın ən böyük şəxsiyyəti edib. 28 may 1918-ci ildə Azərbaycan istiqlalını qazandığı zaman M.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri ünvanı ilə prezidentlik vəzifəsini həyata keçirib. Bolşevik rusların müstəqil Azərbaycanı istilasına qədər dövlətin başındakı şərəfli vəzifəsinə davam edən M.Rəsulzadə Azərbaycanın istiqlalına son verən istiladan sonra başlanan daxili mücadilələrə qatılıb. Bu mücadilələri əsnasında gizləndiyi yerdə həbs edilib və Bakıdakı ÇK həbsxanasına göndərilib. Daha sonra da Moskvaya nəql edilib.
1922-ci ildə Rusiyadan qaçmağa müvəffəq olan Rəsulzadə Finlandiyaya keçib, oradan İstanbula gəlib. Türkiyədə olduğu illərdə rusların Azərbaycanı necə istila etdiklərini izah edən bir kitab dərc etdirib. Sovet intriqaları üzündən bir müddət sonra İstanbulu tərk etmək məcburiyyətində qalan Rəsulzadə Avropanın müxtəlif yerlərində fəaliyyətinə davam edib. Qərbin bir çox ölkələrində eyni milli qayə ilə çalışan qafqazlı mücahidlərlə birlikdə siyasi fəaliyyət göstərib. Rus məhkumu millətlərin müştərək orqanı olan və Parisdə dərc edilən “Prometey” dərgisində də Azərbaycanın milli qurtuluş davasına həsr olunan yazılar dərc edib. 1945-ci ildə Varşavaya gedən və mücadiləyə oradan davam edən M.Rəsulzadə Polşanın istilasından sonra Buxarestə keçib. Rus-alman savaşı əsnasında fəaliyyətlərini daha böyük bir ümid və imanla sürətləndirib. Almanların məğlubiyyətindən sonra Buxaresti də tərk edib. Avropanın müxtəlif yerlərində dolaşdıqdan sonra 1947-ci ilin sonunda Türkiyəyə gəlib. O tarixdən vəfatına qədər Ankarada qalıb.
Ankarada əvvəlcə Milli Təhsil Nazirliyi Yayım Müdirliyində, daha sonra Milli Kitabxanada çalışıb. Elmi, tarixi etüdlər yazmaq, mühazirələr oxumaq və kitab yazmaqla boş zamanlarını doldurmaqda idi. Bir ara “Azərbaycan tarixinin inkişafı” adlı əsər yazıb. Bu əsərin nöqsanlarına baxmayaraq, “Azərbaycan biblioqrafiyası”nın çap edilməsi türk tarixi və kültürü üçün faydalı olacaq.
M.Rəsulzadə Ankarada olduğu müddətdə Türk Ensiklopediyası, Türk Tarix Qurumu və Türk Dil Qurumu ilə yaxından maraqlanıb. M.Rəsulzadə Azərbaycan, İran və Türkiyədə, Avropanın müxtəlif mərkəzlərində yarım əsr azalmayan bir əzm və əksilməyən bir imanla qardaş Azərbaycanın hürriyyət və istiqlalı üçün çalışıb. Azərbaycanın Milli Şura sədri və milliyyətçi azərbaycanlıların bir nömrəli mücahidini ideal şəhidi saya bilərik. Rəsulzadə xarici bir ölkədə də şəhid ola bilərdi. Türkiyədə ölməsi, onu tanıyanlar və sevənlərin qolları üstündə uğurlanması bu itkidən duyulan kəsdərin təsəllisidir. M.Rəsulzadə Atatürkdən və Türkiyə Cümhuriyyətindən daima sevgi və təqdirlə bəhs edib. O, indi Ankarada qardaşı Atatürkün və onu sevən türklərin əziz müsafiridir...
Dilimizə uyğunlaşdırdı: Dilqəm Əhməd