3 Fevral 2020 15:00
1 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədiyə tezdən çatdıq, küçələr hələ adamsız idi. Səhərin gözlərindən əvvəl açılan yağış dayanmışdı. Nəm ağaclar, nəm küçələr, yarı-yuxulu avtomobillər, qapıları bağlı dükanlar - yağış hər şeyin rəngini tündləşdirmişdi. Qadın bir ayağını gölməçənin içinə atmaq istəyən uşağı qolundan dartıb geri çəkəndə günəş ağacların başı üstündən boylandı, xəfif külək qalxdı. Buludlar dağılmağa, hər şey öz rənginə qayıtmağa başladı.

İşıqlı bir gün idi.

Bir neçə saat sonra Mədəniyyət Mərkəzinin qarşısında iynə atsaydın, yerə düşməzdi, o qədər adam vardı. Topa-topa gəlirdilər.

İzdiham təəccüb doğurmadı. Əvvəldən demişdilər ki, çox adam gələcək. Ən azı bunu gözləyirdilər. Xeyli əvvəldən gəlib Mədəniyyət Mərkəzinin qapısını kəsdirmişdilər, hələ görüşə bir neçə saat vardı.

Ona gələcək deputat kimi baxanların da sayı kifayət qədərdir, özləri ilə danışdıq. Yeni bir simadır, hər kəs inanmaq istəyir, ümidlidirlər. Amma hələ vaxta var, hər şey fevralın 9-da məlum olacaq.

Gəncdir, həvəslidir, işləmək istəyir, bir azdan seçicilərin qarşısına çıxacaq. Çıxış edəcəyi salona baxır, özü əl gəzdirir, hər şeyin yerli-yataqlı olmasını istəyir. Gələcəkdə, deputat seçiləcəyi halda görəcəyi işlərdən həvəslə danışır. Planlarından danışır, deyir Ağcabədini işıqlı bir rayona çevirmək olar. Ağcabədililər də elə bunu istəyir, gözləntiləri də budur: sakit, problemsiz bir həyat...

Ağcabədi 82 saylı seçki dairəsindən namizəd Qasım İbrahimov ölkənin ən ali tribunlarından birində rayon sakinlərinin səsi olmaq istəyir, zarafat deyil. Orada, həmin tribunada çoxlarını görmüşük, çoxunu da yola salmışıq, əli ətəyindən uzun gələnlər də olub, gedənlər də. Yaxşıları da, təmsil etdiyi rayonun, kəndin problemləri ilə adam-adam, küçə-küçə, ev-ev maraqlananlar da olub. Qasım İbrahimov isə başqa biri olacağını deyir. Deyir tez-tez adamlarla görüşəcək, rayonda daimi nümayəndəliyini də yaradacaq ki, dərdi-səri olanlar gəlsin, çəkinməsinlər. Yəni başqa biri olmaq istəyir. Fərqli bir deputat, iddia edir ki, seçilsəm bu fərqi görəcəklər. Elə biri ki, təkcə onların səsi ilə danışmasın, həm də nəsə etsin.

Vədləri ümid yaradır, işıqlı görünür, dediyimiz kimi özü də gəncdir, həvəslidir, indidən çoxunu inandırıb. Rayon camaatını bu görüşə dartıb gətirən elə bu inam, ümid idi. Vəd, bu, hələ başlanğıcdır. Vəd, həm də hələ heç nə demək deyil. Amma Qasım İbrahimov verdiyi vədləri yerinə yetirəcəyini, sözünün ağası olduğunu deyir. Həmin sözü verib, seçilərsə, Bakıda yox, vətəndaşın yanında olacağını, ona əl tutacağını deyir. Zərurət olacağı halda Bakıda olacaq, qalan vaxtları Ağcabədidə - vətəndaşlarla bir yerdə onların işləri ilə məşğul olacaq.

Hələ ki, hər şey yaxşı görünür, cəmi 26 yaşı var. Özü də 2016-cı ildə aprel döyüşlərində iştirak edib. Bir dəfə də Ermənistan nümayəndə heyətini Avropa Parlamentində Azərbaycan əleyhinə çıxış edəndə susdurub. Hər ikisi öz təşəbbüsüdür. Qasım İbrahimov deyir, bu məmləkətin könüllü əsgəriyəm.

Ağcabədi gəncləri ilə danışırıq, düşüncələrinə hakim kəsilmiş fikir budur ki, Qasım İbrahimov öz içimizdən biridir. Elə şüarı da belədir: “Gənclərə dəstək olun, gələcəyi qurun”.

Adamlar öz aralarında pıçıldaşırlar: “Görək, bu nə göstərəcək”.

Bir deyir, babasını tanıyıram, Qasım kişini, kənd-kəsəkdə adama əl tutan kişi olub. “Yəqin o da babasına oxşayar”, - digəri təsdiq edir.

Mədəniyyət Mərkəzinin – Qasım İbrahimovun seçicilərlə görüşəcəyi məkanın qapısı açılır. Adamlar bir-bir içəri dolur. Bir topa adam bir-birinin ayağını tapdaya-tapdaya ön cərgəyə hücum edir. Yer üstündə qırğın gedir. Hər kəs bir yolunu tapıb özünə yaxın yerdə yer etmək istəyir. Kimsə kulisdə qalmaq istəmir, adam əlindən tərpənmək olmur. 400 nəfərlik zala 500-dən çox adam dolub, bir o qədəri də çöldə gözləyir. Salonda yer yoxdur, ayaq üstdə qalanlar var. Qasım İbrahimova görə gəliblər, el-oba arasında xətir-hörməti olan Qasım kişinin nəvəsinə görə...

Nəhayət, İbrahimov tribunanın qarşısında görünəndə uğultu qopur. Alqışlayırlar, sonra sakitlik çökür, hamı ayaqdadır, dövlət himni səslənir. Ardınca tribunaya qalxıb öz platforması - seçiləcəyi halda görəcəyi işlərdən danışır. Qasım İbrahimov iddia edir ki, millət vəkili seçiləcəyi halda Ağcabədinin təhsil sahəsinə böyük diqqət göstərəcək:

“Görüş keçirdiyim bir sıra kəndlərdə məktəblərin, təhsil müəssisələrinin vəziyyətinin qənaətbəxş olmadığını gördüm. Seçiləcəyim təqdirdə, qarşıdakı beş il ərzində yeni təhsil mərkəzlərinin tikilməsi, vəziyyəti qənaətbəxş olmayan məktəb binalarının təmir olunması üçün layihələr və təkliflər hazırlayacağam. Aztəminatlı ailələrin övladlarının əlavə dərs vəsaitləri ilə təmin olunmasına çalışacağam. Təhsildən yayınan gənclərimizin təhsilə olan marağını artırmaq üçün rayonumuzda kurslar və proqramlar təşkil edəcəyəm. Rayonumuzda fəaliyyəti dayanmış peşə təhsilini bərpa etməklə, gəncləri ixtisaslaşdıraraq, fabrik və müəssisələrdə işlə təmin olunmasına çalışacağam. Bununla rayonumuzda işsizliyin səviyyəsini minimuma endirə bilərik”.

Qaşım İbrahimovun sözlərinə görə, platformasının ikinci önəmli istiqaməti kənd təsərrüfatı sahəsi ilə bağlıdır:

“Kənd təsərrüfatı və fermer fəaliyyətinin inkişaf etdirilməsinə xüsusi diqqət göstərəcəyəm. Ağcabədi iri pambıqçılıq rayonudur. Rayonumuzda yerləşən pambıq istehsalı və emalı zavodunun fəaliyyətinin genişləndirilməsi, istehsalatın artırılması üçün maneələri aradan qaldıracağam. Vaxtilə Ağcabədi ən iri baramaçılıq rayonu olub. Rayonumuzda baramaçılığı yenidən genişləndirməyə çalışacağam. İstər inqubasiya, istərsə də qurudulma üçün baramatoplama məntəqələri qurmaqla yeni iş yerlərinin açılmasını təmin edəcəyəm. Hazırda Ağcabədi bazarlarında satılan meyvə-tərəvəz məhsulları uzaq və yaxın rayonlardan gətirilir. Rayonumuzda meyvə-tərəvəz məhsullarının yetirişdirilməsi üçün istixanaların qurulmasına çalışacağam. Bu məqsədlə yerli və xarici investorları rayonumuza dəvət edəcəyəm”.

Deputatlığa namizədin platformasının digər mühüm istiqaməti isə sosial sahədir: “Rayonumuzda şəhid ailələri və müharibə veteranlarının, əlillərinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün proqram və layihələr hazırlayacağam. Aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ünvanlı yardımların verilməsində qarşıya çıxan maneələri aradan qaldıracağam. Əlil və qocalar evlərinin vəziyyətinin yaxşılaşdırılmasına çalışacağam. Kəndlərdə içməli su probleminin aradan qaldırılmasına səy göstərəcəyəm”.

Səhiyyə - Qasım İbrahimovun problemlərini həll etmək istədiyi digər sahə budur:

“Səhiyyə ilə bağlı müəyyən problemlər mövcuddur. Rayonumuzda tikilmiş yeni Mərkəzi Xəstəxana demək olar, müasir avadanlıqlarla tam təchiz olunmayıb. Bununla yanaşı, rayon və kəndlərimizdə yerləşən ambulatoriyalarda kadr çatışmazlığı var. Bu məqsədlə xaricdə təhsil almış, rezidentura dərəcəli həkimləri rayonumuza cəlb etməyə çalışacağam.

Bununla yanaşı, rayonumuzda istehsalın artırılması üçün addımlar atacağıq. Cənab prezidentin “Made in Azerbaijan” brendinin dünyaya tanıdılması təşəbbüsünə biz də qoşulacağıq. Bu məqsədlə rayonumzda kifayət qədər resurslar var. Biz öz geyim brendimizi yarada bilərik”.

Qasım İbrahimov çıxışdan sonra seçicilərin – rayon sakinlərinin problemlərini bir də onların özlərindən eşitdi, onları məşğul edən məsələlərin həll olunacağına söz verdi.

El-oba arasında hörmət edilən Seyid danışır, öz xeyir-duasını verir. Seyid deyir, Qasım yaxşı kişinin nəvəsidir, onun belindən gələn pis adam ola bilməz, camaatın hər işinə yarayıb Qasım kişi, hər işdə də pərgar idi.

Seyiddən sonra bir müəllim danışır. Deyir ki, Qasım ötən dəfə kəndə gedəndə bir şəhid qardaşının şikayətini dinləyib. Qardaşı şəhid olsa da, adını rəsmiləşdirə bilməyiblər bu günədək. Qasım söz verib ki, seçilib-seçilməyəcəyindən asılı olmayaraq, bu məsələni həll edəcək. Artıq məsələ aidiyyəti qurumların nəzarətinə götürülüb.

Osman Yusubov adlı gənc isə deyir ki, Qasım İbrahimova səs vermək üçün Amerikanın Nyu-York şəhərindən gəlib. Biri Moskvadan, başqa biri isə öz doğma Bakımızdan gəlib. Eşidən gəlib, hamı da deyir ki, sevib gəlmişik.

Seçicilərdə görüşdən videogörüntünü təqdim edirik:

Foto/video: Pərviz Həşimi


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər