4 Fevral 2020 12:24
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada “Bozqurd” işarəsi tutaraq “Facebook”da canlı yayım edən avtobus sürücüləri işdən çıxarılıb.

Bunu jurnalistlərə açıqlamasında “Vyana şəhər xətləri” nəqliyyat şirkətinin sözcüsü Kristof Heşmatpor deyib.

O bildirib ki, şirkətin avtobus parkında qeydə alınan görüntülərdə 4 sürücünün “Facebook”da canlı yayım etdiyi əsnada “Bozqurd” işarəsi tutaraq görüntülənməsindən sonra, həmin şəxslər barəsində araşdırma aparılıb və onların işinə son verilib. K.Heşmatpor “Bozqurd” işarəsi tutmayan, ancaq videoda görüntülənən sürücülər barəsində də müvafiq araşdırmanın aparılacağını söyləyib.

İşdən çıxarılanlardan biri Azərbaycan vətəndaşıdır.

“Report”un Avropa bürosu bununla bağlı “Vyana şəhər xətləri” şirkətinə informasiya sorğusu göndərib. Şirkətin mətbuat xidmətinin əməkdaşı Katrin Liner şəxslər barədə məlumatların qorunması səbəbindən bu barədə informasiya verə bilməyəcəklərini bildirib.

Məlumat üçün qeyd edək ki, Avstriyada keçən ilin mart ayında aralarında “Bozqurd” işarəsinin də olduğu bəzi simvollar qadağan edilib. Səbəb kimi isə həmin işarətlərin "radikal milliyətçiliyi və faşizmi simvolizə etməsi" göstərilib. Qanuna riayət etməyən şəxsləri 4 min avro cərimə və bir ay həbs cəzası gözləyir./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər