5 Fevral 2020 12:45
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində hazırlanmış hesabat əsasında, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır.

Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub ki, onlardan birinin yamacın aşağı hissəsində tikintisi yekunlaşmaq üzrədir. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılıb.

Hazırda ərazidə 8 metr hündürlükdə istinad divarı inşa edilir.

Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sisteminin yaradılması istiqamətində addımlar atılır. İstinad divarlarında su axınını təmin etmək üçünsə eninə istiqamətdə borular da atılacaq.

Növbəti mərhələdə yamacın orta hissəsində də svay əsaslı istinad divarı inşa ediləcək. Bundan sonra yolda digər hərəkət zolaqların bərpası işləri görüləcək.

Tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub.


Müəllif: Aysel Azad