9 Fevral 2020 15:22
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyətinin BƏƏ-nin ən böyük şəhəri olan Dubayda yaşayan azərbaycanlılarla görüşü keçirilib.

Komitədən Teleqraf.com-a bildirilib ki, görüş Azərbaycan Respublikasının Dubaydakı konsulluğundə onlarla soydaşımızın iştirakı ilə keçirilib.

Görüş Dövlət Himnimizin səsləndirilməsilə başlayıb, daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Komitə sədri Fuad Muradov tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr-dünyanın müxtəlif ölkələrində Koordinasiya Şuralarının yaradılması, Diaspor Gənclərinin Yay Düşərgələri, xaricdə Azərbaycan evlərinin və həftəsonu Qarabağ məktəblərinin yaradılması, eləcə də digər mühüm layihələr haqqında ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı fikir mübadiləsinə, xüsusilə Dubayda yaşayan azərbaycanlıların təklif və problemlərinin dinlənilməsinə üstünlük verilib.

Soydaşlarımız ilk növbədə yaşadıqları şəhərdə Azərbaycan məktəbinin açılmasının, dil kurslarının təşkilinin və ya onlayn həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Nəzərə çatdırılıb ki, Komitə rəhbərliyi və əməkdaşlarının Dubaya səfəri burada yaşayan soydaşlarımızın bir araya gətirilməsi üçün olduqca əhəmiyyətlidir və bu səfərlərin mütamadi olması vacibdir.

Dubay şəhərində müxtəlif yüksək mövqelər tutan azərbaycanlılar bildiriblər ki, belə görüşlər buradakı gənc kadrları tanımağımız və onların işlə təminatına kömək etməyimiz baxımından əvəzsiz rol oynayacaq.

Gələcəkdə Dubayda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının yaradılması məsələsi də müzakirə mövzusu olub və soydaşlarımızın burada təşkilatlanmağa meyilli olduğu diqqəti cəlb edib.

Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş Konsulu Cavidan Hüseynov Dubayda yaşayan azərbaycanlılarla görüşü yüksək qiymətləndirib və belə görüşlərin Azərbaycanın tanıdılmasında, soydaşlarımızın təşkilatlanmasında əvəzsiz rol oynadığını vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər