Off-roud avtomobil idman növüdür. Real həyatda izləyənləri az ola bilər, amma yəqin ekranlardan görmüsüz.
Teleqraf.com bu idman növü ilə professional səviyyədə məşğul olan “Forsaj klub”un rəhbəri Rəhim Qurbanovla müsahibəni təqdim edir.
- Rəhim bəy, off-roud nədir?
- Off-roud “yolsuzluq” deməkdir. Bizdə bu idman növü yolsuzluq,yoldan kənar kimi tanınır. Məsələn, yollardan kənar hərəkət edirsən – dağlarda, daşlıqda, qayalıqda...
- Bu idman növündə yaş həddi varmı?
- Yaş həddi yoxdur. İstər 17 yaşında ol, istər 100, əgər sağlamlığın imkan verirsə, iştirak edə bilərsən. Bu idmanla məşğul olanlar iki hissəyə bölünürlər: həvəskar və professional. Həvəskarlar yürüşlərə, gəzintilərə qoşulurlarsa, professionallar yarışlarda iştirak edirlər.
- Neçə ildir off-roudla məşğulsunuz, sizdə maraq nədən yarandı?
- 10 ildir bu işin içindəyəm. Bu idman növü ölkəmizdə yarananda cəmi 3-4 maşın vardı, yoldan kənara gedirdilər. Onda mənim xəbərim yox idi, bu idman növü inkişaf etməmişdi. Həmin vaxt mən televiziya kanallarından birində veriliş aparırdım. O verilişdə test-drayvlar edirdim.
Verilişdən sonra məndə maşınlara qarşı maraq oyanmağa başladı, araşdırmalar apardım. O vaxt maşınım yox idi, həvəskarlara qoşulub gedirdim. Efir vasitəsilə bu idman növünü tanıtdım. Sonra off-roud inkişaf etməyə başladı, klublar, komandalar yarandı.
- Kənardan baxanda bu idman təhlükəli görünür. Onu sizə sevdirən nədir?
- Təhlükə geniş mənadadır. Adi maşınla da yolda hərəkət etmək, sürət həddini aşdıqda, təbii ki, qəza baş verə bilər. Yolda təhlükə daha çoxdur, nəinki bizim idman növündə. Çünki bizim yarış maşınlarımızın xüsusi qoruyucuları var.
- İlk yarışınızı xatırlayırsız? Neçə yaşınız vardı?
- 2013-cü ildə ilk yarışım oldu, 33 yaşım vardı. Yarış çətin keçdi. “Tayota Land Cruser 72” seriyalı maşınımla yarışırdım. Ən çətin kateqoriyaya düşdüm. Maşınım gücünə görə ən zəiflərdən idi.
Bu yarışda ağıllı və cəld olmaq lazımdır. Öndə getsəm də, idarəetməni itirdim və maşın çevrildi. Hər kəs məni ötdü, maşın söndü. Düşündüm ki, artıq yarışa bilməyəcəm. Köməyə gəldilər, maşını təmir etdik və davam elədim. 3-cü yerin qalibi oldum.
- İştirak etdiyiniz yarışlarda xəsarət aldığınız olubmu?
- Xeyr, qəzaya düşmüşük, amma xəsarət almamışıq. Məsələn, Türkiyədə yarışda olanda idarəetməni itirib, meşədə ağacların üstünə getmişik. Qəza baş verməsinə baxmayaraq, heç bir zədələnmə halı olmadı.
- Yarışlarda hansı maşınlar iştirak edir?
- Demək olar ki, hər maşınımız var - “Jeep Wrangler”, “Tayota”, “Nissan”, “Mitsubishi pajero”. Burada marka yox, maşının gücü önəmlidir, 4x4 mühərrikli bütün maşınlar yarışda iştirak edə bilər. Maşınlar hazırlıq prosesinə uyğun kateqoriyalara bölünürlər. Standart zavod istehsalıdırsa, yaxud təkərləri böyükdür, maşının üzərində dartıcı qurğu varsa, bunları nəzərə alaraq maşınları kateqoriyalara ayırırlar.
- Bayaq qeyd etdiniz ki, bu idman növündə olan maşınlarda xüsusi qoruyucular olur. Bu maşınların adi yol avtomobillərindən fərqi nədir?
- Yarış maşınlarında “roll cage” – mühafizə örtüyü olur. Bu, borulardan qurulan konstruksiyadır, hörümçək toru kimi toxunur. Zərbə vaxtı maşın əzilsə belə, içindəki pilot və kopilot zədə almır. Digərlərindən fərqli olaraq, yarış maşınlarında oturacaqların heç biri qatlanmır. Qəza şəraitində bel qatlanmır və xəsarət almırsınız. Eyni zamanda, 5 təhlükəsizlik kəməri mövcuddur. Çiyindən, yandan və ayaq nahiyədən kəmər bağlanır, yalnız boyun və qollar hərəkət edir. Qoruyucu dəbilqədən istifadə olunur, maşının arxa oturacağına qarmaqlar vasitəsilə bağlanır.
Yanğın əleyhinə xüsusi geyim geyinilir. Bu geyimlər Avropa standartlarına uyğun hazırlanır və müəyyən istifadə tarixi var. Səliqəli olsa belə, istehsalı köhnədirsə, geyinmək olmaz.
Əlavə olaraq, hər bir avtomobildəki kimi yanğınsöndürən balonlar da ehtiyat saxlanılır. Tam texniki baxışdan keçdikdən sonra maşın yarışa buraxılır.
- Yarış günü hər idmançıda həyəcan olur. Sükan arxasına keçəndə düşünmüsüz ki, başınıza nəsə gələ bilər?
- Bu idman zəif xarakterli adamlar üçün deyil. O, risk tələb edir və qorxacaqsansa, yolu başa vura bilməyəcəksən. Burada təkcə maşın hazırlığından söhbət getmir. İlk növbədə insanın motivasiyası olmalıdır. Avtomobil yerindən tərpəndisə, həyəcan itir. Tələsmədən hərəkət etmək lazımdır, çünki yarış taktika üzərində qurulur.
- Off-roud Formula 1-dən nə ilə fərqlənir?
- Off-roud növ və kateqoriyalara ayrılır. Amma Formula 1 yarışlarında maşınlar bir poliqonda sürətlə hərəkət edir və tamaşaçılar izləyə bilmirlər. Bizim yarışları tamaşaçılar rahatlıqla izləyə bilirlər.
- Yarışın növləri haqqında danışa bilərsiniz?
- Bizim qatıldığımız yarışlar Amerikada populyardır, “Ultra 4” maşınımız var. Bu avtomobillər Off-roudun ənyüksək kateqoriyasıdır. Bu yarışlara hər adam qatıla bilməz. Yarışlar Fransada, böyük Britaniyada, Portuqaliyada, İtaliyada keçirilir. Biz Portuqaliya və Fransada keçirilən yarışlarda iştirakçı olmuşuq.
Gürcüstana tez-tez yarışlara gedirik. Adi standart maşınla “Ultra 4” yarışlarına qatılmaq mümkün deyil.
- Bir az da rəhbəri olduğunuz “Forsaj klub” haqqında danışaq. Necə oldu ki, klubu yaratmaq qərarına gəldiniz?
- Adını çəkməyəcəm, əvvəl başqa klubda idik. Sonra klub parçalandı və hər kəs özününkünü yaratdı. Biz klubların ən gənciyik, cəmi 7 yaşımız var. “Forsaj klub” Azərbaycanı xaricdə təmsil edən yeganə komandadır. 20 nəfər üzvümüz var. 6 nəfər klub yaranandan bizimlədir. Üzvlərimizin yaşı 24 yaşdan 48 yaşa qədərdir.
Bu idman növünə sevgim çox idi. Televiziya verilişimin formatını dəyişdim, sırf yolsuzluq haqqında çəkilişlər etməyə başladım. Komandamda ilk yürüyüşdə 11 maşın mənə qoşuldu. Zamanla gücləndik, üzvlərimiz artdı. Biz təkcə klub kimi fəaliyyət göstərmirik, yarış maşınlarımızı da özümüz hazırlayırıq. Üstünlüyümüz də bundadır.
- 10 ildir bu idman növü ilə məşğul olduğunuzu bildirdiz. Azərbaycanda bu idmana maraq necədir?
- Azərbaycanda maraq var. İnsanlarımız avtomobilləri sevirlər, meyilləri çoxdur. Yarış poliqonları tikmək, yarışlar keçirmək lazımdır ki, insanlarda maraq çoxalsın. Biz 2015-ci ildə Avropa oyunlarına dəstək yürüşü keçirdik. Daha sonra şəhərdə iki günlük beynəlxalq yarış təşkil etdik, Türkiyə və Gürcüstandan nümayəndələr gəldilər. Əlavə olaraq şəhərdə 50 maşınla beynəlxalq yürüş də təşkil etdik. Yarışlardan sonra off-rouda maraq gücləndi.
Amma bu idman növü bizdə hazırda zəifdir. İnsanlar bunu palçıqda maşın sürüb, maşını məhv etmək kimi düşünürlər. Başa düşmürlər ki, bu idmandır, aktiv istirahətdir.
- Adrenalinlə istirahət etmək necə hisdir?
- Əla. Mənim üçün adiləşib. Bu, mənim həyat tərzimdir. Yeni qoşulan biri üçün adrenalin hesab olunur. Bizə təzə gələnlərə hər şey yuxu kimi gəlir. Mən bu idman növünü QİÇS xəstəliyi adlandırıram. Gələn buradan qayıtmaq istəmir.
- Qadınlar necə, qoşulmaq istəyənləri olubmu?
- Bir neçə dəfə müraciətlər olub, amma davam etdirməyiblər. Məncə, bu qadın işi deyil. Xaricdə var, amma bizdə mentalitet öz sözünü deyir.
- Yarışları harda keçirirsiz?
- Yürüşləri rayonlarda keçiririk. Quba, Altıağac, Xızıda Dübrar dağı, Qusar, Qəbələ, İsmayıllıda keçilməyən yollara üz tuturuq. Üç hissəyə ayırmışıq, yay, payız və qışda yürüşlər edirik. İnsanlara iqlimə görə məkanın necə çətinləşdiyini və idarəetmə texnikasının fərqliliyini göstərməyə çalışırıq. Missiyamız yolu keçib, ünvana çatmaqdır.
- Bu idman növü komanda şəklində olur, yoxsa fərdi?
- Burada komandasız heç nə əldə edə bilməzsən, bir yumruq kimi olmalısan. Yarışda qəza zamanı maşını təmir etmək lazımdır və bu bir adamın işi deyil. Komanda şəkli pilot və kopilotdan (köməkçi) ibarətdir. Tək yarışmağa icazə yoxdur. Qəza baş versə, huşunu itirsən, köməkçi olmalıdır.
- Sürət həddi nə qədərdir?
- Saatda 180 kilometr sürətlə hərəkət etdiyimiz olub. Professional yarış maşınlarımız var ki, asfaltda sürülmür, qoşqu vasitəsilə yarış kəndinə aparılır. İki maşınımız ən yüksək kateqoriyada iştirak edir, “Ultra4 Qarabağ” və “Spider”.
- “Qarabağ” adını siz vermisiniz?
- Bəli. Bu yarış maşınını özümüz yığmışıq. Ümumi 100 min manat maliyyə sərf olundu. Bu professional yarış maşınıdır, vip hesab olunur. Qarabağ atının təmsilçisi kimidir. Eyni zamanda, Gürcüstanda təşkil olunan yarışlarda Ermənistan da iştirak edir. Qarabağın adının çəkilməsi bizim üçün daha böyük üstünlükdür. Həm də təbliğat xarakterlidir.
- Ermənistanla yarış necə keçdi?
- Bizim onlarla bağlı çox xatirələrimiz var. Xatırlayıram, “Niva”ları palçıqda batmışdı, bizim heyət onların maşınını parçalamışdı. Komandamız onlara çox aqressiv yanaşır və bizdən çəkinirlər.
- Azərbaycanda olan off-roudla xaricdəkini müqayisə edək.
- Bizdə yarış keçirilmir. Bu il planlayıram ki, iyun ayında yarış keçirək. Maraq az olduğu üçün yarış təşkil etmək çətindir. Türkiyə, Gürcüstan, Avropanın off-roud federasiyaları bizi tanıyır. Portuqaliyada keçirilən yarışda 38 komanda arasında 5-ci yeri tutduq. Yeni başlayırdıq və bu bizim üçün böyük qələbə idi.
Məsələn, Rusiyada ancaq palçıq ərazilərdə maşın sürürlər və sürət həddi aşağı olur. Sürətli yarışlar inkişafa təməl qoyur. Gürcüstanda adi qaydada maşın yığırlar. Mən onlara izah etmək istəyirəm ki, bu, professional yarış maşınlarına bənzəmir. Köhnə maşını azacıq dəyişib, “ölüm kapsulası” ilə yarışırlar.
- Yarış poliqonlarının hazırlanması üçün təklif vermisizmi?
- Bəli. Bizə lazım olan yararsız torpaqları ala bilmirik. 3-4 aydan bir yarışlar keçirmək, kurslar təşkil etmək lazımdır. Hava şəraiti dəyişir, yollar çətinləşir və sürücülər maşınları idarə edə bilmirlər. Əsas məqsədimiz sürücülərə idarəetmə texnikasını öyrətməkdir.
- Bu maşın diqqətimi çəkdi. Yarışa hazırlayırsız?
- Biz təkcə yolsuzluq maşınları deyil, həm də klassik avtomobilləri də yenidən yığırıq. Bu, “Volqa Qaz-21” 60-cı illərin maşınıdır, rəngi özünündür. Buna 500 at gücündə mühərrik qoyub, körpülərini, asqısını və sükanını dəyişəcəyik. Retro avtomobilə otursanız da, özünüzü son model maşında hiss edəcəksiniz. Bu, satış üçündür.
- Hazırda yolsuzların növbəti dayanacağı haradır?
- Qışdır, yürüşlərimiz çox olur. Basqal kəndi var, bir neçə həftəyə getməyi planlayırıq. Üç-dörd ilə yaxındır ki, oraya getmirik. Yaxşı yolsuzluq marşurutu var. “Forsaj” sərhədlərə “yox” deyir.