Milli Elmlər Akademiyasının Prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyəti aparatının yeni strukturunu təsdiqləyib.
Bununla bağlı Teleqraf.com-a AMEA-dan məlumat verilib.
Bildirilib ki, bu məqsədlə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyəti aparatının yeni təsdiq edilmiş struktur rəhbərlərini qəbul edib.
Akademik Ramiz Mehdiyev ölkə rəhbərliyi tərəfindən aparılan islahatları yüksək dəyərləndirərək bu istiqamətdə Akademiya qarşısında qoyulan vəzifələrdən danışıb, son aylarda AMEA Rəyasət Heyətində aparılan struktur islahatlarının nəticələrini diqqətə çatdırıb. Qeyd edib ki, Akademiya alimləri ölkədə aparılan yeni quruculuq işlərinə səmərəli fəaliyyəti və elmi tədqiqatları ilə öz əməli töhfələrini verməlidirlər.
Dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunan bütün sahələr kimi AMEA da yüksək nailiyyətlər əldə etməli, xüsusilə innovativ layihələrin icrasına diqqət yetirməlidir. Bir sıra struktur islahatlarının bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdıran akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələri qarşısında duran vəzifələrdən, onların əhəmiyyətindən bəhs edib. AMEA aparatının struktur rəhbərlərini təbrik edən akademiya rəhbəri yeni mərhələdə aparat əməkdaşlarına uğurlar arzulayıb, onlara müvafiq tapşırıqlarını verib.