“10 il mətbuat-informasiya şöbəsində mütəxəssis, 10 il isə şöbənin müdiri işləmişəm. Hər ikimiz 20 illiyimizdə fəaliyyətimizə son veririk”.
Bu sözləri Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova sosial şəbəkə hesabında yazıb.
Teleqraf.com xəbər verir ki, mətbuat katibi bundan sonra karyerasını pedaqoji sahədə davam etdirəcəyini bildirib: “20 illik Mətbuat-informasiya şöbəsi mənə çox şey qazandırdı. Bu illər ərzində vəzifənin verdiyi şərəfdən daha çox onun məsuliyyətini dərk etdim. Məni tanıyanlar, fəaliyyətimizlə yaxından-uzaqdan tanış olanlar bilirlər ki, bu şöbə üçün iş saatının bitməsi yox, işin bitməsi önəmli oldu!”.
Qeyd edək ki, Pərvanə İbrahimova 1994-1998-ci illərdə BDU-da Beynəlxalq hüquq və beynəlxalq münasibətlər (ixtisas beynəlxalq jurnalistika) fakültəsində bakalavr, 1998-2000-ci illərdə magistratura pilləsi üzrə təhsil almıb. Doktorantura pilləsini bitirib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərimə görə “Tərəqqi” medalına layiq görülüb.