25 Sentyabr 2014 12:54
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar avtobus və taksi sürücülərinin həddindən artıq aqressiv olması müşahidə edilir. Hətta onların bu aqressiv davranışı sərnişinlərə də sirayət edir. Nəticədə isə bu qəbilə daxil olan sürücülər sərnişin və ya müştərilərlə kobud rəftar edir, hətta onlara qarşı qeyri-etik ifadələr işlətməkdən belə çəkinmirlər. Bu aqressiya isə əksər hallarda xoşagəlməz hallarla nəticələnir.

Bəs bu aqressivliyin səbəbi nədir? Sürücüləri belə davranmağa vadar edən hansı məqamdır?

"Bu, insanı aqressiv olmağa məcbur edir"

Rüstəm adlı avtobus sürücüsü aqressiv olmanın səbəbini çox işləməkdə, yorğunluqda görür. O, iki uşaq atası olduğunu və ailəsinin minimum ehtiyaclarını qarşılamaq üçün gecə-gündüz çalışdığını deyir: “Həm kirayə haqqı verirəm, həm də uşaqlarımın təhsili, ailənin dolanışığı üçün gecələr də işləməyə məcbur oluram. Borcun-Xərcin içindəyik. Buna görə də istər-istəməz aqressiv oluruq. Bəs aqressiv olmayaq, nə edək?”.

O, aqressiv olmanın başqa səbəbinin isə sərnişinlərdən qaynaqlandığını bildirir: “İnsanlar dayanacaq olmayan yerlərdə avtobusu saxlamağa məcbur edirlər. Saxlamadıqda isə hətta təhqirlərdən belə istifadə edirlər. Bütün bunlar isə insanı aqressiv olmağa məcbur edir”.

Sərnişinlərin “əməyi”

Taksi sürücüsü Amil dolanışıq dərdi çəkdiyini, imkansızlıqdan gecələr də yuxusuna haram qataraq işlədiyini bildirdi: “Vallah bir zülmlə çörəkpulu qazanırıq ki, inanın, bunu dilə gətirmək mümkün deyil. Bizim aqressiv olmağımızın kökündə ilk növbədə bu məqam dayanır. Müştərilərin də burada rolu böyükdür. Hər tipli insan var, məhz elə onların bizimlə rəftarı insanı əsəbləşdirir. Bir neçə gün qabaq iki nəfər mindi maşına, mənzil başına çatanda isə hər ikisi düşüb qaçdı, heç pulumu da vermədi. Problemlərim çoxdur, digər tərəfdən də belə davranışları görürsən istər-istəməz pis təsir edir”.

“Sürücülər kurs keçməlidirlər”

Diqesta Hüquq Firmasının rəhbəri Ərşad Hüseynov bildirdi ki, taksi və avtobus sürücülərinin aqressiv olmasının səbəbləri çoxdur. O, fikirlərini belə izah edib: “Azərbaycanda daha çox sürücülük vəsiqəsi olmayan, narkoman, küçədən keçən insanları gətirib sükan arxasında əyləşdirirlər. Elə problemin hamısı da buradan qaynaqlanır. Hesab edirəm ki, taksi və avtobus sürücüləri ictimaiyyət arasında necə rəftarla bağlı kurslar keçməlidirlər. Məhz belə kurslarda tam olaraq təlimatlandırıldıqdan sonra onlara sükan arxasında oturmağa icazə verilməlidir”.

Ekspert qeyd etdi ki, aqressivlik təkcə sürücülərin problemi deyil: “Məsələnin dərinliyinə varsaq, aqressivliyin cəmiyyətimizin ümumi problemi olduğunu görərik: ”Cəmiyyətdaxilində bir çox problemlər var. Elə bu problemlər nəticəsində də insanlar bir-birinə qarşı aqressiv olurlar. İstər-istəməz yaranan məqam sərnişinlər və sürücülər arasında problemlər yaradır".

Artıq iş saatı

Ərşad Hüseynovun sözlərinə görə, qanunvericilikdə də göstərilir ki, sürücülər 8 saatdan artıq işləməməlidir: “Bu, beynəlxaq qanunvericilikdə də belədir. Nazirlər kabinetinin təsdiq etdiyi qaydalarda yazılıb ki, sürücülər D kotoqeriyası keçirilməlidırlər. Sürücü fəaliyyəti ilə məşğul olan insanlar sutka ərzində 8 saatdan artıq sükan arxasında olmamalıdırlar. Sürücünün beyninin yorulması yol hərəkəti təhlükəsi ilə yanaşı, psixi baxımıdan da təhlükə yaradır”.

Gecə-gündüz işləyən taksi sürücüləri

Ekspert vurğuladı ki, beynəlxalq sərnişin daşımada istifadə olunan avtobuslar da xüsusi qurğu var: “Bu qurğu sürücünün sükan arxasında olma müddətini müəyyənləşdirir. Beynəlxalq təcrübədə 4 saatdan artıq fasiləsiz maşın sürmək qadağandır. Polis yoxlama aparan zaman sürücünün 4 saatdan artıq avtomobil idarə etdiyini aşkarladıqda sürücüyə qarşı qanun çərçivəsində tədbir görür. Biz də isə elə sürücülər var ki, səhər saat 10-dan axşam 10-a kimi fasiləsiz işləyir. Taksi sürücülərinin isə, ümumiyyətlə, vəziyyəti pisdir. Onlar bütün sutkanı işləyirlər. Nəticədə isə yorğunluq, əsəbilik və digər problemlər yaranır. Onlar özləri də bu vəziyyətdən məmnun deyillər. Çünki onlar keflərindən sutka ərzində çalışmırlar ki, ehtiyacları var deyə işləyirlər”.

“Sürücülər tibbi müayinədən keçməlidir”

Ekspert problemin çıxış yolunun əmək qanunvericiliyinə çox ciddi şəkildə riayət edilməsində olduğunu dedi: “Hər təsadüfi adama avtobus verilməməlidir. Eyni zamanda, belə sürücülərlə bağlı sərnişinlər şikayətlərini bildirməlidirlər. İradlar müzakirə olunmalı, müvafiq addımlar atılmalı, habelə maarifləndirici tədbirlər görülməlidir. Sürücülər də öz növbəsində bundan nəticə çıxarmalıdır. Digər tərəfdən sürücülər hər gün tibbi müayinədən keçməlidirlər. Məsələn Yaponiyada həkim sürücüləri müayinə edir və yorğun olan şəxsləri reysə buraxmır. Bizdə də məsələyə belə yanaşılmalıdır”.


“Bu, araşdırılmalıdır”

Psixoloq Mehman Şahbazov bildirdi ki, sürücülər tıxaca düşür, bir-birilərinə yol vermirlər, qanunsuz hərəkətlər edirlər: “Bu gərginlik də psixoloji, aqressiv mühit yaradır. Aqressiyanın bir neçə növləri var. Keçici aqressiya yəni, adamın üstünə kimsə hücuma keçir, təhqir edir. Bu zaman özünü müdafiə etmək üçün aqressiv davranırsan. Digər tərəfdən isə vərdişli aqressiya olur. Bütün bu aqressiyanın kökündə yalançılıq var. Bu yalançılıq gərginlik yaradır və bu da sonda aqressiyaya səbəb olur. Həmin növü həll etmək üçün əvvəlcə bu məsələnin problemi araşdırılmalı, ilkin səbəb müəyyənləşdirilməlidir. Əgər bu problem üzdən araşdırılsa, bu, heç bir nəticə verməyəcək. Bu sahədə çalışan şəxslərin fərdi keyfiyyətləri öyrənilməli və sonra sürücülüyə icazə verilməlidir. Sürücünün şəxsi keyfiyyətlərinə xüsusi diqqət yetirilməlidir. Mədəni, təcrübəsi olan, insanlarla dil tapa bilən sürücülərə sükan arxasında əyləşməyə icazə vermək lazımdır. Sürücülər hər səhər tibbi müayinə ilə yanaşı psixoloji müayinədən keçirilməlidirlər”.

İlhamə Əbülfət

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər