25 Sentyabr 2014 21:17
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə başlanan “Şuşaya Azadlıq” beynəlxalq kompaniyası çərçivəsində yaradılan “Sosial Şəbəkələr və Media ilə iş” işçi qrupunun növbəti toplantısı keçirilib.

Toplantıda işçi qrupunun gördüyü işlər, həmçinin planlaşdırılan layihələr barədə məlumat verilib. Qeyd olunub ki, qısa müddət ərzində işçi qrupun üzvləri tərəfindən Facebook-da Qarabağa dair qapalı səhifə yaradılıb və səhifə vasitəsilə xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə əlaqələr yaradılıb. Bundan əlavə, Xocalı soyqırımının növbəti ildönümünə kimi orijinal süjet xətti əsasında bir neçə sənədli filmin çəkilməsinə dair razılıqlar əldə olunub.

Görüş zamanı “Sosial Şəbəkələr və Media ilə iş” qrupunun üzvləri bir neçə virtual aksiyanın təşkili barədə planları olduğunu bildiriblər. Sosial şəbəkələrdə ermənilərin də qatılacağı müzakirələrin açılması, forumların təşkil edilməsi də nəzərdə tutulub. Həmçinin, bu istiqamətdə müxtəlif maraq doğuracaq layihələrin hazırlanması barədə ilkin razılıq əldə olunub.

“Sosial Şəbəkələr və Media ilə iş” qrupunun üzvləri “Şuşaya Azadlıq” beynəlxalq kompaniyası çərçivəsində fəaliyyət göstərən digər işçi qruplarla da əməkdaşlığa başladıqlarını bildiriblər. İşçi qrupunun üzvləri Elşad Eyvazlı, Ceyhun Musaoğlu, Şahin Qocayev, Aqil Camal və digərləri gələcəkdə planlaşdırılan məsələlərlə bağlı müxtəlif təkliflər səsləndiriblər.

Cavidan


Müəllif:

Oxşar xəbərlər