“Koronavirus nəinki bizdə, dünya bazarlarında Çin məhsullarının satışına ciddi zərbədir. Artıq, Çin məhsullarının idxalına bir sıra ölkələr məhdudiyyət tətbiq edir”.
Bunu Teleqraf.com-a açıqlamsında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
Onun sözlərinə görə, alıcılar yaranan söz-söhbətlə əlaqədar Çin məhsullarına əvvəlki kimi maraq göstərmir: “Bu vəziyyət birbaşa digər məhsulların qiymətlərinin artması ilə nəticələnə bilər. Hələ ki daxili bazarda elə bir ciddi dəyişikliklər müşahidə edilmir. Çin məhsullarının idxalına məhdudiyyət qoyulması rəsmi olaraq bəyan edilib. Bu, xüsusən qida məhsulları ilə əlaqədardır.
Çin mallarının qiyməti sərfəli olduğu üçün bazarda hökmranlıq edirdi. Onlar analoji rəqabətdə olduqları digər ölkələrin məhsullarını ilk növbədə qiymət amilinə görə bazardan sıxışdırıb çıxarırdı.
Əhalidə virusla bağlı psixoloji amilləri nəzərə alsaq, deməli, digər ölkələrin məhsullarına tələbat artacaq. Tələbatın artması isə qiymət artımı ilə nəticələnəcək. Eyni zamanda, məhsulların idxalı ilə məşğul olanlar yaranmış vəziyyətdən sui-istifadə edərək malın üzərinə əlavə qiymət qoyacaqlar”.
Pərviz Heydərovun fikrincə, qiymət artımı qarşıdakı aylarda müşahidə oluna bilər: “Qiymətlərdə fərq hələ ki ciddi şəkildə hiss olunmur. Çində vəziyyət martda da bu cür davam etsə, ilin ikinci rübündə – aprel, may, iyun aylarında ölkə daxilində elektrotexnika mallarında qiymətlərin kəskin şəkildə qalxmasının əyani şahidi olacağıq.
Yayılan söhbətlər qısa müddətdə aradan qalxsa, bu, qiymətlərin cüzi olaraq artması ilə nəticələnəcək və yenidən hər şey əvvəlki qaydasına düşəcək”.