Keçmiş təhsil naziri, istiqlalçı deputat Firudin Cəlilov Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. F.Cəlilov Teleqraf.com-a açıqlamasında ASDP sədrinin düz danışdığını deyib.
"Bəli, mən həqiqətən də, 9 May-ın bayram günü kimi keçirilməsinin əleyhinə olmuşam. O zaman parlamentdəki çıxışımda bildirdim ki, böyük imperiyaların savaşında azərbaycanlılar sadəcə qurban olublar. 2-ci dünya müharibəsinin Azərbaycana birbaşa adiyyəti olmayıb. Bizi zorla müharibəyə aparıblar. Mən faşizm üzərindəki qələbəni təqdir edirəm, amma həmin günün Azərbaycanda bayram kimi keçirilməsinin tərəfdarı deyilərm. Eyni zamanda mayın 9-nu almanlar üzərində qələbə kimi tarixə yazılmasını istəmirəm. SSRİ həmin gündən öz maraqları üçün istifadə edib. İndi də, bunu ruslar təkrarlayır".
Qeyd edək ki, A.Əlizadə Teleqraf.com-a bildirib ki, xalq cəbhəsinin hakimiyyəti illərində hətta deputatlar sosializmin, 1 May və 9 May günlərinin mahiyyətini dərk etmirdilər: "Keçmiş təhsil naziri Firudin Cəlilov deputat olanda çıxış edib dedi ki, 9 May Qələbə Günü ləğv olunmalıdır. O, hesab edirdi ki, almanlar 9 Mayı qələbə günü kimi qeyd etdiyimizi görsələr bizdən inciyər. Amma başa düşmürdü ki, almanların özləri də faşizm üzərində qələbəni bayram kimi qeyd edirlər".
F.Cəlilov hesab edir ki, onun 9 May Günü ilə bağlı düşüncələri heç nəyi dəyişmir: "Əgər dövlət həmin günü qələbə kimi qeyd etmək istəyirsə, etsin. Araz Əlizadə niyə 12 ildən sonra mənim fikirlərimi gündəmə gətirir, başa düşə bilmirəm".
Ruslan