Küsürlər, bir də barışmırlar. Nifrət ananı baladan, bacını qardaşdan edir. Bəziləri də başqa səbəbdən tək qalırlar. Belə dəhşətli hadisələrlə üzləşmiş insanlarla görüşmək üçün Zabrata getdik. Zabratdakı Dövlət Sosial Müdafiə Fondunun tərkibində olan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağa...
Biz sığınacağa çatanda səhər saat 08:30 idi. Havanın yağıntılı və şaxtalı olmasına baxmayaraq, sığınacağın işçi heyəti erkəndən iş başındadır.
Girişdə bizi polislər qarşıladılar. Əvvəlcə üz tutduq sığınacağın direktoru Anar İbrahimovun otağına.
Sığınacaq barədə məlumat verən direktor dedi ki, 2017-ci ilin sonlarından bəri fəaliyyət göstərən sığınacaq bu günə qədər 232 nəfərə xidmət göstərib: “50 nəfərlik yerimiz var. Hazırda sığınacağa 49 nəfər yerləşib. Onlardan 42-si kişi, 7-si qadındır. Havalar soyuq keçdiyinə görə müraciətlərin sayı artıb. Sonuncu dəfə fevralın 13-də yeni sakin qəbul etmişik”.
Havalar soyuq olduğuna görə sığınacaq nazirliyin təlimatı ilə gücləndirilmiş iş rejiminə keçib. Gəlib müraciət edən şəxslər qalmaq üçün yerlə təmin olunur. Lakin hər yerdə olduğu kimi, burada da qeydiyyat üçün müəyyən prosedurlardan keçmək lazımdır: “Sığınacağa vətəndaş qəbulu yerli icra hakimiyyəti orqanı, bələdiyyə və polis orqanları tərəfindən icra edilir. Sənədlər toplanılır, sağlamlıq yoxlanışından keçldikdən sonra, qeyd olunan təşkilatlar Dövlət Sosial Müdafiə Fonduna müraciət edir. Fond araşdırıb uyğun olduqda həmin adamı sığınacağa göndərir”.
Anar bəylə söhbətləşdikdən sonra Nəcəf Arifov adlı əməkdaş bizi sığınacaqla tanış etdi. İlk olaraq mətbəxi gəzmək qərarına gəldik. Burada sakinlərə gündə üç dəfə yemək, fasiləsiz çay verilir. Yeməklər hər gün həkim nəzarətindən keçir.
Mətbəxin baş aşpazı Bəsti Səmədova ilə həmsöhbət olduq. 38 il uşaq evində baş aşpaz işləyib, 2 ildir sığınacaqda xidmət göstərir: “Belə bir sığınacağın açıldığını televiziyadan eşitdim, müraciət etdim. İşə qəbul oldum. Burada kimsəsizlərə xidmət edirik. Səhər kəsmik, xama, şirinçay, yağ, yumurta veririk, bəzi günlərdə sıyıq bişirirəm. Günorta və axşam yeməyində makaron şorbası, mərci, bozbaş və digər yeməklər olur”.
Bəsti xanım deyir ki, uşaq kimi qayğı istəyən yaşlı sakinlər bəzən yeməkdən imtina edirlər: “Onda kəsmik, xama verirəm yeməyə. Kiminsə ürəyindən nəsə keçəndə bişirirəm. Meyvəsinə qədər hər şey veririk. Direktorumuz hər gün gəlir baxıb, özü nəzarət edir yeməklərə”.
İki, üç, beş nəfərlik otaqların hər birində ayrıca hamam otağı var. Otaqlar 24 saat isti su ilə təmin olunur.
Burada sakinlər üçün ayrıca televizor, stolüstü oyun otaqları və kitabxana ayrılıb. Kitabxanada rus dilli kitablar üstünlük təşkil edir. Kitabxana işçisi Aynur Sevdamalıyeva deyir ki, oxucular roman kitablarına üstünlük verirlər.
Sığınacağın geniş həyətində istirahət üçün hər şərait yaradılıb. Burada geniş söhbətgah, idman alətləri yerləşdirilib. Eyni zamanda, sığınacaq müvəqqəti sakinlərini geyimlə təmin edir, vaxtaşırı tibbi müayinələrdən keçirir. Təlimata görə sakinlər 180 gün burada qala bilər.
Sığınacağın direktoru Anar İbrahimov bildirdi ki, bu müddət ərzində onlara hüquqi xidmət göstərilir, fərdi inkişaf planı hazırlanır: “Müraciət edənlərin əksəriyyəti xəstə və yaşlılar olur. Lakin əmək qabiliyyəti olanlar barədə DSM-yə məlumat verilir, fond onları dövlət məşğulluq xidmətinə yönləndirir”.
Qeyd etdiyimiz kimi, sığınacağın sakinləri burada azı 6 ay yaşaya bilərlər. Lakin istisna hallarda getməyə yeri olmayan, səhhəti əl verməyən kəslər sığınacaqda saxlanılır. Burada yaşayan sakinlərlə söhbətləşməyi qərara aldıq.
İlk olaraq Samir İsmayılovla tanış olduq. 66 yaşlı Samir bəy əslində ərəb dilindən tərcüməçidir: “Azərbaycan Neft və Sənaye Universitetində ərəblər də təhsil alırdılar, onlar yeni gələndə hazırlıq şöbəsində təcüməçi idim. Sonra mühafizədə işləyirdim. Həyat yoldaşımdan boşandıqdan sonra evimi satdım. Övladım yoxdur. Kirayədə anamla yaşayırdım. Anam təzəlikcə rəhmətə getdi”.
Qucağındakı ayı da anasından yadigar qalıb. Deyir, bir dostunun köməkliyi ilə sığınacağa yerləşdirilib: “Gedəcək yerim yoxdur, səhhətim də imkan vermədiyi üçün iki ildir burada qalıram. Ayaqlarım iflic oldu, şəkərə görə kəsdilər, 7 ilə yaxındır beləyəm. Burdakı şəraitdən çox razıyam. Həm qayğımıza qalırlar, həm də dərmanla təmin olunuram”.
Söhbət əsnasında Samir bəyin dostu Yura Ponomaryovla da tanış olduq. Köhnə dostdular, təsadüfən sığınacaqda qarşılaşıblar. Necə deyərlər, hər şeyin təzəsi, dostun köhnəsi...
Yura Azərbaycanda böyüyən ruslardandır. 58 yaşı var, azərbaycanca danış bilməsə də, dilimizi başa düşür. O da iki ilə yaxındır burada məskunlaşıb: “Bacım məni aldatdı, evimi 140 min dollara satıb Finlandiyaya qaçdı. Qohumlarım xaricdədir, burada heç kimim yoxdur”.
Yura bura gələndə sənədləri də yoxmuş. Sığınacaqda sənədlərini hazırlayıb, müalicə üçün xəstəxanaya göndəriblər. Hazırda təqaüd alması üçün proses gedir. Yaxın günlərdə yenidən müalicə almaq üçün xəstəxanaya yerləşdiriləcək.
Kişilərin otağından ayrılıb, xanımlarla söhbətləşmək qərarına gəldik. Burada talelər daha acınacaqlı idi. Övladları onlardan imtina etdiyi üçün bura sığınıblar.
Həmsöhbətimiz Çimnaz İbrahimovanın 60 yaşı var, 5 aydır burada qalır. 4 il əvvəl insult keçirib, danışıq problemi ilə yanaşı, ayaqları da tutulub: “İki oğlum vardı, biri rəhmətə getdi. Qalan oğlumla mübahisə elədim. Məni atdı, sonra buraya gəlməli oldum. Burada hər şeylə təmin olunuruq. Lazım olduqda müayinəyə gedirəm. Təki sağalım, yenidən gəzə bilim”.
Çimnaz xanımla danışdıqda yan çarpayıdan Arzu Yusifovanın hönkürtü səsləri gəldi. Arzu xanım çətinliklə danışdğı üçün ona əziyyət vermək istəmədik. Əvvəl parklarda qalıb, sonra bir tanışı onu buraya gətirib: “Bir il bir aydır buradayam. Oğlum məni itələdi, yıxıldım, insult keçirdim. Heç kimim yoxdur. Bir dayım var İsraildə, onla əlaqə saxlaya bilmirəm. Hərdən qonşum gəlir yanıma. Burada mənə sosial yardım düzəltməyə kömək edəcəklər”.
Eyni taleyi yaşayanlardan biri də Sevda Şərifovadır. Sumqayıtdan gəlib, sığınacağın yeni sakinlərindəndir. Deyir ki, təqaüd kəsildikdən sonra özünə yeni həyat qurmağa çalışacaq: “Bir aydır buradayam. Bir qızım var, 7 ildir mübahisə edirdik. Heç vaxt maraqlanmır mənimlə. Evimi satdım, əməliyyat etdirdim onu. Sonra qovdu məni. Yoldaşından ayrılıb, iki övladı var, məni də atdı. Küçələrdə qalırdım, icra hakimiyyəti məni buraya göndərdi. Bir xalam var, o da həmişə gəlirəm deyir, gəlmir.”.
59 yaşı olan Sevda xanım 10-cu sinfə qədər təhsil alıb. Deyir ki, sığınacaqda ona öz evindəkindən yaxşı baxırlar: “Buradan çox razıyam. Dövlət başçımıza minnətdaram, bizə hər şəraiti yaradıblar. Biz bir uşaqla bacara bilmədiyimiz halda bu qədər insanın qayğısına qalırlar”.