18 Fevral 18:05

Azərbaycan Dövlət Film Fondunda əməkdar mədəniyyət işçisi, kinoşünas Aydın Kazımzadənin 80 illik yubileyi qeyd edilib.

Yubiliyar Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Yubileyi qeyd etməyi sevmirəm, təmtəraqla işim yoxdur. Amma Cəmil Quliyev məcbur etdi ki, 80 yaşınızı qeyd etməliyik. Mən də onun sözündən çıxa bilmədim".

Tədbirdə çıxış edən "Azərbaycan" kinostudiyasının sədri Cəmil Quliyev Aydın Kazımzadəni təbrik edib: "Aydın müəllimi yubiley münasibəti ilə ürəkdən təbrik edirəm, ona can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Azərbaycan kinosunun tədqiqində, müəmmalı səhifələrin araşdırılmasında Aydın Kazımzadənin çox böyük rolu var.

Bir müddət əvvəl Azərbaycan kinosunun tarixi 1916-cı ildən götürülürdü. Aydın müəllimin araşdırması nəticəsində bu tarix 1898-ci ildən başladı. Bununla yanaşı Azərbaycan cizgi filminin meydana gəlməsini araşdırıb. "Dəli Kür" filminin bir epizodunu yenidən tapılması da onun adı ilə bağlıdır. O kino tarixinin müəllifidir. Azərbaycan kinosu üçün çox qiymətli insandır".

Əməkdar incəsənət xadimi Ayaz Salayev deyib ki, Aydın Kazımzadə Azərbaycan kinosunun canlı tarixidir: "Azərbayca kino tarixi deyəndə hamının yadına ilk öncə Aydın Kazımzadə düşür. O kinonun vurğunudur. Azərbaycan kinosunun bünövrəsini Aydın Kazımzadə qoyub".

Qeyd edək ki, bir çox mədəniyyət işçilərinin iştirak etdiyi gecədə Aydın Kazımzadənin sərgisi də nümayiş olunub.

Foto: Pərviz Həşimi


Müəllif: Rəqsanə Həsənova