“Qidanın təhlükəsizliyinə əmin olmaq üçün sahibkar və fermerlərlə yanaşı, hər bir vətəndaş fərdi qaydada Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriya xidmətlərindən yararlana bilər. Tərkibi və təhlükəsizliyi şübhə doğuran istənilən ərzaq nümunəsinin AQTİ-nin laboratoriyalarında müayinəsi mümkündür”.
Bunu Teleqraf.com-a AQTA-nın mətbuat katibi Aysel Fərziyeva bildirib.
Onun sözlərinə görə, qidanın keyfiyyətini müəyyənləşdirmək üçün vətəndaş keyfiyyətindən şübhələndiyi ərzaq nümunəsini uyğun bir şəkildə AQTİ-nin Mərkəzləşmiş Nümunə Qəbulu şöbəsinə gətiriməlidir: “Nümunəyə və vətəndaşın büdcəsinə uyğun müayinə üsulu seçilir. Müayinə növü seçildikdən sonra vətəndaş haqqında məlumatların yer alacağı ərizə nümunəsi doldurulur.
Vətəndaş analizlər üçün hesab-fakturanı alaraq banka ödəniş edir. Banka ödəniş haqqında təsdiq aldıqdan sonra nümunə müvafiq laboratoriyaya göndərilir.
Məhsulun növündən asılı olaraq analizin cavabları 3-10 iş günü müddətində hazır olur”.