20 Fevral 2020 09:05
2 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida dəyəri yüksək hesab edilən arı südü hər kəs tərəfindən tanınır və məşhurdur. Minlərlə çiçəyin xammalından və bal arılarının fermentlərindən ibarət arı südünün faydaları möcüzə hesab olunur.

Bəs arı südünün insan orqanizminə təsirləri nələrdir? Ondan necə istifadə etmək lazımdır?

Balçı Faiq Yusifov Teleqraf.com-a arı südünün faydaları haqqında danışdı.

- Faiq bəy, hazırda arıların vəziyyəti necədir?

- Hazırda arıların ən çox diqqətə ehtiyacı olduğu vaxtdır. Fevral və mart arıların ölüm riskinin yüksək olduğu aylardır. Buna görə də indi onların qidalanmasına ciddi baxmaq vaxtıdır. Yem tapmayan arı məhv olur.

- Arılara hansı yem verilir?

- Hər arıçının özünəməxsus iş prinsipi var. Kimisi məhsulu götürdükdən sonra öz balı ilə, kimisi bala kimyəvi qarışımlar qataraq yemləyir.

Arılara yem olaraq öz təbii balını vermək lazımdır. Mayda toplanan baldan oktyabrda arılarımın qışlaması üçün saxlayıram. Qışdan öz balı ilə çıxan 100 arıdan 80-ni sağ qalırsa, kimyəvi qarışımlarla qidalanan arıdan heç 30-u sağ qalmır.

- Bal və onun faydaları haqqında kifayət qədər bilirik. Bəs arı südünün faydası nədir?

- Arı südü müalicəvidir. İnsanın ömrünü uzadır, ən əsası ölmüş hüceyrələri yeniləyir. Bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Təbii arı südünün mədə-bağırsaq xəstəlikləri, kişilərdə cinsi zəiflik kimi xəstəliklərə faydası var, təbii qüvətləndiricidir.

- Faiq bəy, maraqlıdır, balla arı südünün fərqi nədir?

- Baldan fərqli olaraq, arı südünün tərkibində fermentlər daha çoxdur. Arı südü çox olmasa da, gözlə görüləcək qədərdir. Pupun içində sarımtıl, qatılaşdırılmış südə bənzər maddə var. Arı südünü tək istehlak etmək olmur. Zəngin tərkibli qidadır. Qədərindən artıq yeyilərsə, mədə-bağırsaq sistemi ona tab gətirməyəcək.

- İlin hansı fəslində arı südünü əldə edirik?

- Ən keyfiyyətli arı südünü mayın 15-dən iyunun sonlarına qədər əldə etmək mümkündür. Balı hər zaman götürmək olar, südün isə öz vaxtı var.

- Arı südü necə əldə edilir?

- Arı südü ana arının yuvasında olur. Şah yuvası qurulur. Ana arının yumurtasından biri ayrılaraq digər arıların yanına qoyulur. Bu, süni şəkildə də aparıla bilər, təbii formada da. Süni şəkildə dedikdə, arıçı yumurtanı özü seçib şah yuvasına qoyur. Təbii formada arılar özləri yumurtanı seçib, şah yuvasına aparırlar.

Bütün işçi arılar bilirlər ki, yumurtadan şah çıxacaq. İşçi arılar seçilən yumurtanı ağız ifrazatları ilə bəsləyirlər. Südü ən geci üç gün ərzində götürmək lazımdır. Çox qaldıqa keyfiyyətini itirir, solğunlaşmağa başlayır. Üç günə qədər arının pupu bəslədiyi süd daha keyfiyyətli sayılır.

- Ana arının digər arılardan fərqi nədir?

- İşçi arı yuvadan çıxdıqdan sonra mart və iyun aylarında 21 gün ərzində təbiətdəki çiçəklərdən yem toplayır və təbiətdə məhv olur. Amma ana arı südlə bəsləndiyi üçün təxminən 5 il yaşaya bilir. Arı südü qüvvətləndirici maddə olduğundan ana arı pətəyin içində 3 ildən 5 ilə qədər yaşayır. 3 il tam qüvvəsi ilə yumurta qoyur.

- Ana arıdan nə qədər yumurta almaq mümkündür?

- Mövsüm ərzində təxminən 1 milyon 600 yumurta qoymaq qabiliyyətinə malikdir. Ana südü ilə bəsləndiyi üçün özündən böyük ölçüdə yumurta tökür. Qocaqldıqca, yumurta qoyma qabiliyyəti zəifləyir. Buna görə də arıçılar 5 ildən artıq şah arını saxlamırlar.

- Arı südünü nə qədər müddət və hansı şəraitdə saxlamaq lazımdır?

- Hərə bir söz deyir. Əgər keyfiyyətli arı südü istəyirsinizsə, onu çox saxlamaq lazım deyil. Arı südü bala qatıldısa, nə qədər istəsən saxlaya bilərsən. Amma qabda saxladıqda keyfiyyətini itirir. Əgər soyuducudadırsa, 2 gün saxlamaq olar. Təzə halda istehlak etmək daha faydalıdır. Soyuducuya qoyulan keyfiyyəti itir.

- Balla arı südünü qarışdırdıqda dad dəyişikliyi olur?

- Elə çox hiss edilmir. Arı südünün dadını heç nədən almaq olmur. Turşməzə, istiotlu tamı var. Qarışdırdıqda görünüşündə də fərq hiss olunmur.

- Bəs arı südünü necə istehlak etmək lazımdır?

- Onu ancaq balla qarışdıraraq yemək mümükündür. Əgər adi balı gündə 2 çay qaşığı yeyiriksə, arı südü qarışan balı bir çay qaşığı istehlak etmək olar. Bu miqdar insan orqanizminə xeyirlidir.

- Balla qarışdırılan zaman miqdar necə tənzimlənir?

- 10 qram arı südü yarım kiloqram bala qatılır. Yaxşı olar ki, may süd balına qatılsın. Həmin balı səhər tezdən ac qarına bir çay qaşığı miqdarında yemək faydalıdır. Həzmə kömək edir. Gün ərzində enerjini təmin edir. Amma daha yaxşı olar ki, qarışıqsız yeyilsin.

- Bazarlarda kifayət qədər saxta balla qarşılaşırıq. Bəs arı südünün saxtası varmı?
- Bu barədə məlumatım yoxdur, görməmişəm. Onu deyə bilərəm ki, arı südü böyük miqdarda olan bir şey deyil. Süd arıxanadan götürülməlidir. Bu vaxtı arı südü olmur. Arılar oyanmadığı halda, bəzi işbazlar insanları aldadıb, arı südü adı ilə qarışımlar satırlar. Bayaq da qeyd etdiyim kimi, arı südünün mövsümü mart və iyun aylarıdır. İnsanlar arı südü aldıqda bu məqama diqqət yetirsinlər.


Müəllif: Aysel Azad