Ötən əsrin əvvəllərində Bakının Əmircan qəsəbəsində doğulmuş bir şəxsin Misir kralı Fərruxun qonağı olaraq Qahirədə yaşaması ancaq dövrün modernist yazıçılarının təxəyyülü ola bilərdi. Yazıçı istedadını qəhrəmanının həyatı üzərində sınayaraq, onu cəbhədən cəbhəyə sürükləyə, qürbətdə başına eşq macərası gəlməsini, ardınca güllə yarası almasını yaza bilərdi. Amma xəyal gücü yazıçıdan daha amansız, daha realist olan bir başqası da var. Müharibə!
Almanlar və rusların başlatdığı II Dünya müharibəsi milyonlarla insanın taleyinə yön verdi. Onların böyük qismi bu dünyadan məzarsız köçdü, bir qismi sürgündə, həbsxanada çürüdü, bir qismi yaxasında parıldayan medallarla döndü, bir qismi şikəst qaldı, bir qismi isə ömrünü vətəndən uzaqda başa vurdu.
Bizim qəhrəmanımız sonunculardandır.
Ömrünü Türkiyədə başa vuran Əliheydər Süleymanov - Türkiyədə Haydar Aras!
***
Sosial media hesabıma gələn mesaj tanımadığım bir legionerin həyatını öyrənməyimə səbəb oldu. İstanbulda yaşayan Məlikə xanım “Belə-belə işlər” səhifəsində haqqımda çəkilən sujeti izlədikdən sonra bu mesajı yazmışdı. Həmin sujetdə dirijor Niyazinin mühacirlərlə bağlı Türkiyədən Vətənə xəbər gətirməsindən bəhs etmişdim. Sən demə, Niyazi onların ailəsi üçün də əziz insan olub. Çünki Niyazi uzun illər sonra Əliheydər bəyin Türkiyədə və Azərbaycanda yaşayan ailəsi arasında əlaqə yaradan şəxs olub.
Ötən ilin 19 oktyabrında İstanbulun Tarabya rayonunda Kaplan ailəsinin qonağı oldum. Əliheydər bəyin mənəvi qızı Samiyə xanım və nəvəsi Məlikə xanım ailə hekayələrini danışmaq və atası haqqında yazdığı kitabı təqdim etmək üçün dəvət etmişdilər. Bir neçə saat ərzində ötən əsrin əvvəllərində Bakıda başlayan, ardınca müharibə bölgələrində, Misirdə, Türkiyədə keçən bir azərbaycanlının ömür yoluna nəzər saldıq...
Samiyə xanım bir tərəfdən özü anlatdı, digər tərəfdən atası haqqında sənədli roman şəklində yazdığı “Yaman ayrılıq” kitabından maraqlı faktlarla bizi tanış etdi.
***
Əliheydər Süleymanov 22 may 1903-cü ildə Bakının Əmircan qəsəbəsində doğulub. Hüquq sahəsində təhsil aldıqdan sonra Xızı şəhərinə təyinatı çıxıb. Orada kirayədə qaldığı ev sahibinin qızı Gülsümə aşiq olub, onunla ailə həyatı qurub. Bu evlilikdən 3 qızı, iki oğlu olub. Doğulduğu Bakı şəhərinə təyinatı çıxdığı zaman ailəsini və 3 yaşlı qaynı Nəcməddini də özü ilə bərabər gətirib. Yeddi uşağı olan qayınatasının dolanışığı çətin olduğu üçün onun da yükünü bir az azaltmaq istəyib.
II Dünya müharibəsi başladığı zaman Əliheydər bəy də cəbhəyə göndərilib. Krım bölgəsində xidmət edən Süleymanov 1943-cü ildə almanlara əsir düşüb. Sağ qalmaq, Vətəninin azadlığı üçün mübarizə aparmaq məqsədilə almanların qurduğu Azərbaycan legionuna qoşulub, ziyalı olduğu üçün legion mətbuatı ilə əməkdaşlıq edib.
***
1945-ci il. Almanlar müharibədə məğlub olur. Stalin savaşın qalibi kimi keçmiş vətəndaşlarını İngiltərə, Türkiyə, İtaliya, ABŞ kimi ölkələrdən tələb edir. Əliheydər bəyin də daxil olduğu yüzdən çox legioner İtaliyada düşərgədə saxlanılır. Tezliklə onların ruslara təhvil veriləcəyi bəlli olur. Ruslara verildikləri təqdirdə öldürüləcəklərini bildikləri üçün plan qururlar: Zəhər içərək toplu şəkildə intihar!
Əliheydər bəy əsir düşərgəsində sonralar Azərbaycan istiqlal mübarizəsinin lideri olacaq Azərbaycan Milli Mərkəzinin sədri doktor Məhəmməd Kəngərli, Sultan Hacıoğlu kimi şəxslərlə dostluq münasibəti qurur. İntihar planını da birlikdə qərara alırlar. Amma son anda məlum olur ki, 450 şəxsi daşıyan gəmi ölümə deyil, azadlığa doğru üzürmüş. Güclü dövlətlər əsirləri Stalinə təhvil verdiyi bir zamanda Misir kralı Fərrux onları himayəsinə alır, həyatlarını xilas edir.
Misir həyatı
12 fevral 1946-cı ildən 15 aprel 1948-ci ilədək Əliheydər bəy Misirdə yaşayır.
Gəmi Misirə çatdığı zaman əsirlər yüksək səviyyədə qarşılanırlar. Samiyə Kaplan “Yaman ayrılıq”da yazır: “Əliheydərin kral Fərruxun hüzuruna çıxması Qahirəyə gəldikdən 15 gün sonra baş tutdu... Qəhvəsini içən Kral Fərrux sözə başladı:
- Məsləyiniz nədir?
- Mən hüquq oxudum, məmləkətimdə hakim oldum... Müharibə görmüş, əsir həyatı yaşamış bir insan olaraq özümü təbiətdə çox daha yaxşı hiss edəcəyimə inanıram. Mənə təbiətlə baş-başa olacağım bir iş versəniz, çox xoşbəxt olaram.
Kral öz əliylə kağıza bir şey yazdı və uzatdı. Təşəkkür edərək otaqdan ayrılan Əliheydər çıxan kimi kağızı oxudu. Kral Fərrux onu Qahirədən başlayan böyük fermasının müdiri təyin etmişdi”.
Bu vəzifə Əliheydərə müharibə və əsirlikdən sonra cənnətə düşmək kimi idi. Həvəslə işə başladı. İşini layiqincə yerinə yetirdi. Bir qadına aşiq oldu. Onunla Misiri gəzdi, rəqs etdi, amma taleyin yazdığı hökmə görə ailə qura bilmədi. Çünki onunla birlikdə Misirə gələn dostları tək-tək Türkiyəyə yola düşmüşdülər. Ən yaxın dostları olan Məhəmməd Kəngərli və Sultan Hacıoğlu artıq qardaş ölkədə idilər. Ayrılıq zamanı onun üçün də çatmışdı. Kral Fərrux getməməsi üçün cəhd etsə də, Əliheydər qərarını vermişdi. Kral Türkiyəyə rahat yola düşməsi, iş tapana qədər yaşaması üçün bir daha dəstək oldu!
Əliheydər İstanbulda kralın xalası qızı şahzadə Əminə xanımın Mərmər köşkündə qonaq qalır. 1951-ci ildə köşkün faktiki sahibi Canan xanımın qohumu Nazik Belinlə evlənir.
İstanbulda Aksarayda, ardınca Bakırköydə yaşayırlar. Halkalıda Ada fermasında çalışır, sonra Bozqurd toyuq çiftliyini, nəhayət, Gemlik şəhərinin Gemiç kəndindəki toyuq çiftliyini idarə edir.
Vətəndə 5 övladının həsrətini çəkən Əliheydər bəyin Nazik xanımla evliliyindən övladı olmur. Övladlarını bir daha görəcəyinə ümidini itirən Əliheydər bəy çiftlikdə çalışan Mustafa Çakıcı adlı şəxsin bir qızını ailənin razılığı ilə övladlığa götürür. Bizi evində qonaq edən Samiyə xanım həmin qız idi.
Bakı ilə qurulan əlaqə
1966-cı il. Vəfatından bir il öncə artıq Türkiyədə Haydar Aras kimliyi ilə yaşayan Əliheydər bəyə Bakıdakı ailəsi ilə əlaqə saxlamaq xoşbəxtliyi nəsib olur. Samiyə xanım “Yaman ayrılıq”da yazır:
“1966-cı ildə Ankaradan gözəl bir xəbər gəlir. Çox şükür dəmir pərdə aralanmış, bunu ilk bacaran da sənətçilər olmuşdu. Bunların ilki də bəstəkar və orkestr şefi Niyazi bəydi. Əliheydər Türkiyə ünvanını, Bakıdakı ailəsinin ünvanını, bir neçə fotoşəkil, bir neçə sətir məktub, bir neçə qızıl hədiyyəni Niyazi bəyin köməyi ilə ailəsinə göndərir. 1966-cı ilin payızında “Həyat yoldaşım” başlıqlı məktub gəlir Bakıdan. Məktubda qızları, hətta böyük qızı Sonanın övladının da olduğu rəsmlər olur. Beləcə yazışmalar başlanır”.
Məlum olur ki, Əliheydər evlənsə də, Bakıdakı xanımı Gülsüm ikinci dəfə ailə həyatı qurmayıb, beş övladını böyüdüb. Bunu öyrənən Əliheydər vicdan əzabı çəkir. Hələ əsirlik illərindən ürək ağrısı olan Əliheydər bəy 1967-ci ilin 7 martında həyata vida edir. Gemliyin Gemiç kəndində dəfn edilir. Gemlikdə böyük nüfuza sahib olan, sevilən şəxsiyyət olan Əliheydər bəy keçmiş əsgər olduğu üçün rəsmi törənlə son mənzilə yola salınır. Hərbçilərin müşayiəti ilə izdihamlı şəkildə keçən dəfn mərasimi onun necə bir şəxsiyyət olmasının göstəricisi idi.
Əliheydərin Bakıdakı oğlu Əhməd 23 yaşında polis gülləsinə tuş gəlir. Həlak olur. Digər oğlu Bəhram da 37 yaşında vəfat edir. İlk xanımı Gülsüm 1992-ci ildə dünyadan köçür. Türkiyədə evləndiyi xanımı Nazik isə 1998-ci ildə rəhmətə gedir. Əliheydərə ailəsinə qovuşmaq qismət olmasa da, onun Bakıdakı nəvələri ilə Samiyə xanım və qızı Məlikə xanım 42 illik həsrətə son qoyurlar. 2007-ci ilin oktyabr ayında nəvələr İstanbulda görüşürlər. 2010-cu ilin ilk günündə Samiyə xanım qızı Məlikə ilə Bakıya gedirlər. Beləcə Əliheydər bəyin iki şəhərdə olan ailəsinin əbədi dostluğu qurulur...
P.S. Bizi evlərində müsafir edən Samiyə xanım və qızı Məlikə xanım Əliheydər bəyin həyat hekayəsini o qədər ürəklə, sevinclə, bəzən isə qəhərlənərək anlatdılar ki, günboyu təsirində qaldım. Qısa müddətdə “Yaman ayrılıq” kitabını oxudum. Bu yazı Əliheydər bəy haqqında daha geniş yazacağımız məqalənin hazrılıq variantıdır. Həm kitabdan, həm də Samiyə xanımla olan söhbətimizdən əldə etdiyim məlumatları daha geniş şəkildə təqdim edəcəyik.