“Hazırda infeksiyaların yayılma mövsümüdür, havalar isinənə qədər bu proses davam edəcək. Koronavirus dekabrın sonundan aşkarlanıb, amma ondan əvvəl də resperator infeksiyalar yayılmaqda idi”.
Bunu Teleqraf.com-a açıqlamasında həkim-pediatr Vaqif Qarayev bildirib.
Onun sözlərinə görə, virus narahatlığı ilə bağlı müraciət edənlərin sayı artıb: “Ölkəmizdə koronavirusun olmadığını deyirlərsə, inanaq, mən də inanmaq istəyirəm. Virusla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri var. Qorunmanın yolları standartdır. Xəstə uşaqlar bağça və məktəblərə getməməlidir. Həm özü gec sağalacaq, vəziyyəti ağırlaşacaq, bu azmış kimi başqalarını da yoluxduracaq. Bu bizim yaralı yerimizdir, insanlar sadə tədbirlərə məhəl qoymurlar”.
Həkim bildirib ki, insanlar bəzən sadə qaydalara əməl etməyib, səhiyyə işçilərindən şikayətlənirlər: “İnsanlar arasında gəzən virus daşıyıcıları hər yerdə var. Tövsiyələr veririk, amma çox az insan riayət edir. Ehtiyatlı olun, özünüzü qoruyun.
Maska taxın, insanların sıxlıq olduğu yerlərə getməyin, təcili ciddi zərurət olmadığı halda evdən bayra çıxmayın. Əllərinizi tez-tez sabunla yuyun. Sanitar mədəniyyət təkcə virus baş qaldırdıqda olmamalıdır, bütün il boyu olmalıdır”.
Vaqif Qarayev qeyd edib ki, virusa qarşı dərman olmadığı üçün hələlik sadə qorunma üsulları ilə kifayətlənmək lazımdır: “Bu virus təbabət üçün yenidir. Hələ tam araşdırılmadığına görə onun üçün bir vaksin hazırlanmayıb. Deyilənlərə görə, apreldə nəsə olacaq. Ən yaxşısı insan özü-özünü qorumalıdır. Hazırda nə deyilirsə, onu etmək lazımdır”.